Dünyanın aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündəki çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid etməsini geniş işıqlandırıb.
“Prezident Əliyev Fransanın müstəmləkəçilik siyasətini davam etdirməsinə sərt etirazını bildirdi” sərlövhəli məqalədə Azərbaycan Prezidentinin çıxışında dünyada neokolonializm meyllərinin artdığını vurğulayaraq, Fransanı sərt tənqid etdiyi qeyd olunub. Yazıda Prezident İlham Əliyevin çıxışında suverenlik və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə hallarının artdığını, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilmədiyini, yaxud ikili standartlarla həyata keçirildiyini bildirdiyi vurğulanıb.
İlham Əliyevin bu çıxışını necə dəyərləndirmək olar və dünyada məhz bu məsələyə niyə belə böyük önəm verilir?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, Prezidentin bu məzmundakı çıxışına verilən müsbət reaksiya təsadüfi deyil:
“Azərbaycan Prezidentinin bu fikirləri özünü müasir dünyanın bir hissəsi hesab edən, demokratiya və insan haqlarının keşikçisi kimi özünü qələmə verən ölkələrin hələ də keçən və orta əsrlərdən qalmış müstəmləkə siyasətinə qarşı olan ideoloji bir çıxış kimi qəbul etmək olar. Məsələ burasındadır ki, Fransa kimi ölkə bu cür siyasət yürütməklə yanaşı, həm də bəzi yerlərdə separatizmi açıq dəstəkləyir. Məsələn, Ermənistana bu yöndə verdiyi dəstəklə, faktiki olaraq, işğala haqq qazandırır. Çünki onları birləşdirən ümumi bir dəyər var. Bu da işğalçılıqdır. Fransanın gücü var deyə, bu prosesləri apara bilir. Dünyada belə fikirlər təsadüfən populyarlıq qazanmır. Çünki bir çox dünya liderləri Fransanın qüdrətindən çəkinərək, belə həqiqətləri açıq etiraf edə bilmirlər. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Fransaya müraciət etdi. Bu o anlama gəlir ki, həmin qurumda təmsil olunan ölkələr bu fikri dəstəkləyir. Bütün dünyanın diqqətini bu çəkir ki, BMT-nin etməli olduğunu İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı edir. Ortaya çıxır ki, BMT dünyaya beş ölkənin maraqları pəncərəsindən baxır. Hətta orada təmsil olunan ölkələrin özlərinin çirkli oyunlarda yer alması biabırçılıqdı. Prezident sədr kimi təşkilatdakı üzvlərin hüquqlarının qorunmasını ortaya qoyur. Bu bir dəfə baş verib. Prezident işğal altında olan ərazilərimizi öz gücümüzlə azad etməklə BMT qətnamələrinin işləməsinə nail olub. İndi də bu prosesi Qoşulmama Hərəkatı üzvləri üçün etməyə çalışır. İlham Əliyev nitqində Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəklədiyini bildirib. Prezident, Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırıb. Ölkə başçısı, eyni zamanda, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə səsləyib.
Bu, dünyada ədalətin əldə edilməsi istiqamətində atılan olduqca mühüm addımdır”.
Məhəmmədəli QƏRİBLİ