Martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında çox mühüm təkliflərlə çıxış edib. Ölkə başçısı çıxışında minalarla mübarizə istiqamətində bütün dünya üçün vacib olan təkliflər səsləndirib.
Sözügedən tədbirdə ölkə başçısı bu istiqamətdə iki mühüm təklif irəli sürüb. Bunlardan biri Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması, digəri isə minalı sahələrin təmizlənməsi, minalarla mübarizə məsələsinin “2030: Davamlı İnkişaf Məqsədləri”ndə 18-ci məqsəd kimi qeydə alınması ilə bağlı olub. Bu barədə ölkə başçısı deyib: “…Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır.
Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik.
Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mən səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmək istəyirəm”.
“Cənab Prezidentin qaldırdığı bu məsələ çox vacib məsələdir, irəli sürdüyü hər iki təklif çox aktualdır”
Siyasi ekspert Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Prezidentinin təklif etdiyi hər iki məsələ qlobal mənada aktualdır və bu ideyalar, təkliflər birmənalı olaraq qəbul edilməlidir. “Cənab Prezidentin qaldırdığı bu məsələ çox vacib məsələdir, irəli sürdüyü hər iki təklif çox aktualdır. Çünki mina problemi regional kontekstdə dəyərləndiriləcək bir problem deyil, mina qlobal problemdir. Azərbaycan Prezidentinin minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü də, digər təklifi də ciddi dəstək qazanmalıdır.
Təəssüflər olsun ki, Ermənistanın davam edən mina terroruna qarşı heç kim doğru-dürüst, normal bir mövqe ortaya qoymur. Bugünə qədər Ermənistan tərəfindən minalanmış ərazilərin doğru-dürüst xəritələri Azərbaycana təhvil verilmir. Amma cənab Prezidentin təklifləri bütün dünya üçün çox vacibdir. Əgər Qoşulmama Hərəkatı nəzdində sırf Qoşulmama Hərəkatına üzv olan ölkələrin hər birindən minatəmizləmə üzrə mütəxəssislərdən ibarət ortaq bir koalisiya, şəbəkə formalaşarsa, bu, Azərbaycanın işağaldan azad edilmiş ərazilərin minalardan təmizləmə prosesini 10-15 il daha da tezləşdirə bilər. Eyni zamanda ordan köçkün düşmüş vətəndaşların da geri qayıdış prosesini sürətləndirə bilər. Ona görə də, bu təklifləri vacib hesab edirəm və Azərbaycan Prezidentinin bu təkliflərinin dəyərləndiriləcəyini, dəstəklənəcəyini düşünürəm. Biz çox uzaq olmayan bir gələcəkdə artıq Qoşulmama Hərəkatının bu sahə üzrə əməli addımlarının şahidi olacağıq” - deyə T.İsmayılov qeyd etdi.
İradə SARIYEVA