ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Lui Bononun gələn həftə Azərbaycana səfər edəcəyi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinqdə deyib.
"O, səfər çərçivəsində Cənubi Qafqazın hər üç ölkəsinə baş çəkəcək. Əvvəlcə Bakıya, oradan isə İrəvana və Tbilisiyə yola düşəcək", - N.Prays qeyd edib.
Praysın sözlərinə görə, L.Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün yüksək vəzifəli rəhbərlərlə görüşməyi planlaşdırır.
"Biz Ermənistan və Azərbaycanın sülh prosesində səmərəli iştirakla bağlı son səylərindən ruhlanmışıq. L.Bono da bu səyləri inkişaf etdirərək irəliləyişin davamını görə biləcəyinə ümid edir", - N.Prays əlavə edib.
Xatırladaq ki, 5 yanvar 2023-cü il tarixində Qafqazda danışıqlar üzrə baş məsləhətçi Filip Rikerin istefaya çıxdığı açıqlanmışdı.