Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun istintaqı ilə bağlı İran tərəfinə çoxlu suallarımız var. Bunu Respublikanın Baş Prokuroru Kamran Əliyev “Real TV”yə müsahibəsində deyib.
Kamran Əliyev bildirib ki, bizim üçün bir sıra qaranlıq məqamlar var: “Bu şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı təhlükəsizlik orqanları tərəfindən heç bir tədbir görülməməsi, avtomatı necə əldə etməsi qaranlıq qalır. Onun iki odlu silahı olub. İran mətbuatında xəbər yayılıb ki, həmin şəxs psixiatriya xəstəxanasına yerləşdirilib. İşin halları da göstərir ki, bu təşkil olunub. Cinayətin iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb olunmalıdır. Biz bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Zəruri olsa, bizim Prokurorluq və DTX əməkdaşları İrana ezam olunacaqlar”.
Maraqlıdır, İran Azərbaycanın birgə araşdırma ilə bağlı təkliflərini qəbul edəcəkmi?
“Əməkdaşlıqdan boyun qaçıracaqsa, deməli, beynəlxalq hüququn İran üçün heç bir əhəmiyyəti yoxdur”
Məsələyə münasibət bildirən hüquqşünas Şəmsəddin Əliyevin fikrincə, İran bu təklifi qəbul etmək zorundadır: “Çünki söhbət səfirlik kimi vacib bir diplomatik mərkəzdə törədilən terror aktından gedir. Birgə əməkdaşlıq olmadan məsələnin əsil motivini, bunun arxasında dayananları ortaya çıxarmaq çətin olacaq. Həm də söhbət iki dövlət arasında münasibətlərə təsir göstərə biləcək bir məsələdən gedir. Digər tərəfdən, beynəlxalq hüququn və dövlətlər arasında diplomatiyanın inkişafı ilə bağlı bütün o beynəlxalq normalara ziyan vuran bir hadisə baş verib. Üstəlik, İranın beynəlxalq aləmdə olan imici zatən yaxşı durumda deyil. Bəzi dövlətlər, beynəlxalq qurumlar İranı terroru dəstəkləyən dövlətlər siyahısına daxil edib. Bütün bunlar çox ciddi məsələlərdir və o baxımdan İran bütün bunları nəzərə almalıdır. Yəni istintaqın gedişinə töhfə verməklə nə mümkündürsə yardım etməlidir. Qeyd etdiyim kimi, söhbət həm də beynəlxalq müstəvidə İranla bağlı olan imicdən gedir. Nəzərə almaq lazımdır ki, Azərbaycan səfirliyində törədilən terror aktı sıradan bir cinayət deyil. Bu, çox mütəşəkkil formada hazırlanan terror aktıdır. Bununla bağlı müəyyən hazırlıq işi aparılıb. İran terroru törədən şəxsin ruhi xəstə olduğunu desə də, bu inandırıcı görünmür. Çünki ruhi bir xəstənin peşəkarcasına terror aktı törətməsi mümkün deyil. Əgər doğrudan da o ruhi xəstə idisə, o zaman niyə ondan telemüsahibələr təşkil olundu? Niyə onun anlaqsız vəziyyətdə olması ilə bağlı hansısa işarə ortalığa çıxmadı? Əgər səfirliyimizin əməkdaşı onu zərərsizləşdirməsəydi, o daha çox cinayət törədərdi. Səfirliyin yerləşdiyi ərazi Azərbaycan ərazisi sayıldığına görə, İran bizim istintaq qruplarımızla əməkdaşlıq etməyə borcludur. Bizim orada Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyinə uyğun prossesual addım atmaq hüququmuz var. Söhbət kifayət qədər cəmiyyətə qaranlıq olan məqamların aydınlaşdırılmasından gedir. Əməkdaşlıqdan boyun qaçıracaqsa, deməli, beynəlxalq hüququn İran üçün heç bir əhəmiyyəti yoxdur”.
Vidadi ORDAHALLI