Ekofəalların Laçın yolunda aksiyası Ermənistan tərəfinin onun istifadəsini kobud şəkildə pozması ilə bağlıdır.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.
Ceyhun Bayramov bildirib ki, üçtərəfli bəyanatların əhəmiyyəti qeyd edilib və vurğulanıb. “Biz də öz növbəmizdə, rusiyalı tərəfdaşlarımızı bəzi nöqtələrdəki vəziyyətlə bağlı məlumatlandırdıq. Ermənistan tərəfinin sülh müqaviləsi üzrə işlərlə bağlı qeyri-konstruktiv mövqeyini davam etdirməsi təəssüflə qeyd olunub” – nazir bildirib.
Azərbaycan XİN rəhbəri deyib ki, biz real nəticəyə köklənərək, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini tam dayandırmamaq üçün hələ də bütün mövcud imkanlardan istifadə etməyə çalışırıq.
"Ermənistanın mövqeyi Aİ missiyasının başlamasından sonra daha destruktiv xarakter alıb" - C.Bayramov qeyd edib.
Eyni zamanda nazir bildirib ki, Azərbaycan-Rusiya münasibətləri strateji səviyyəyə çatıb.
Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Rusiya Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunmasına töhfə verməyə hazırdır.
Onun sözlərinə görə, Rusiya 3+3 formatında əməkdaşlığı da nəzərdən keçirir.
"Bu platforma həm region ölkələri, həm də onların qonşuları üçün çoxşaxəli əməkdaşlığın yaradılmasına töhfə verir. Biz, həmçinin, Xəzər beşliyi çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirmək barədə razılığa gəldik, həmçinin, beynəlxalq əməkdaşlıq təşkilatlarının tələb etdiyi ciddi məsələlər üzrə qarşılıqlı əlaqələrimizdən danışdıq”, - nazir bildirib.
Azərbaycanın Ermənistan tərəfi ilə növbəti görüşü Moskvada keçirməyə hazır olduğunu bildirən Rusiyanın xarici işlər naziri deyib ki, Bakıdan belə bir razılaşma alınıb, Ermənistan tərəfi isə bundan imtina etmir, amma dəqiq mövqe də bildirməyib.
Rusiya XİN rəhbəri xüsusi olaraq vurğulayıb ki, Laçın yolundan yalnız humanitar yüklərin daşınması üçün istifadə edilməlidir.
"Bu gün biz bu məsələlərin həlli üzərində işləyirik", - o deyib.
Lavrov Paşinyanın son açıqlamalarına da münasibət bildirib.
“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistandakı hərbi mövcudluğu ilə bağlı son bəyanatları nəinki sonuncunun təhlükəsizliyinə zəmanət vermir, əksinə, Ermənistan üçün təhdid yaradır” – deyə qeyd edən Lavrov "Bu açıqlamanı tamamilə onun vicdanına buraxıram", - deyə bildirib.
Azərbaycanla Rusiya arasında dürüst münasibətlər qurulduğunu ifadə edən Lavrov "Mövqelərimizin üst-üstə düşmədiyi yerləri ört-basdır etməyə çalışmırıq. Biz nüansları vicdanla ifadə edirik və onları həll edirik, amma vicdanla. Bu, Bəyannamədə öz əksini tapıb", - deyə bildirib.