“Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik.
Bu barədə Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.
Daha sonra ölkə başçısı bunları deyib: “Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub”.
Görünən odur ki, Rusiyadan da bu istiqamətdə nəsə gözlədiyinə Prezidentimiz açıq eyham vurdu.
Maraqlıdır, doğrudan da 2023-cü ilin normallaşmada əhəmiyyətli irəliləyiş ili olması üçün proseslər nə dərəcədə Rusiyadan asılıdır? Rusiya doğrudanmı bu istiqamətdə ondan asılı olanları etmək gücündə və iradəsindədir? Bunu Rusiya edəcəkmi?
“Halbuki, Ermənistanın timsalında regionda baş verənlər Kremlin əleyhinə işləyir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Lavrovun səfəri, əlbəttə ki, iki ölkə münasibətlərinin dinamik inkişafı istiqamətində aparılacağı ümidlərini artırır. Ancaq göründüyü kimi, Lavrov iki ölkə arasında mədəni və iqtisadi əlaqələrə daha çox ağırlıq verdi. Əlbəttə, Azərbaycanın əsas gözləntisi odur ki, Rusiya vasitəçilik missiyasını yerinə yetirsin və regionda iki ölkə arasında sülhə bir töhfə versin. Əsasən də Rusiyanın 10 noyabr 2020-ci il razılaşmasından çıxış edərək atacağı addımlar var. Konkret olaraq Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması. Ancaq gözləntilərə rəğmən, Rusiya ötən il bunu təmin etmədi. Hesab edirəm ki, Ermənistan tərəfi Rusiyanın vasitəçiliyində maraqlı deyil. Hətta Prezident İlham Əliyev də Lavrovla görüşdə eyham vurdu ki, Rusiyanın bununla bağlı addımlar atmasında maraqlıyıq. Ancaq Rusiyanın bununla bağlı bu il ciddi addımlar atacağı real görünmür. Çünki bunun elementlərini biz görmürük. Baxmayaraq ki, bununla bağlı Rusiyanın imkanları, Ermənistana təsir vasitələri kifayət qədər böyükdür. Nədənsə, Rusiya bununla bağlı addımlar atmaqda tələsmir. Halbuki, Ermənistanın timsalında regionda baş verənlər Rusiyanın əleyhinə işləyir. Hətta Lavrov Ceyhun Bayramovla görüşdən sonra mətbuat konfransında dedi ki, Ermənistan Rusiya ərazisində görüşdən yayınır. Bu o deməkdir ki, konkret olaraq Ermənistan Rusiyanın vasitəçiliyini istəmirsə, o zaman Kreml Qarabağın Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı konkret addımlar atmalıdır. Azərbaycanla bu yöndə münasibətləri daha da inkişaf etdirməlidir. Prezident də bir növ buna eyham vurdu. Çünki bu baxımdan 2023-cü il həledici il olmalıdır. Rusiya bundan düzgün nəticə çıxaracaqmı? Demək çətindir. O baxımdan hesab edirəm ki, Rusiya tərəfi Prezident İlham Əliyevin mesajından düzgün nəticə çıxarmalıdır”.
Vidadi ORDAHALLI