Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Görüşdə bir sıra məsələlər müzakirə olunub.
Ancaq hər iki tərəfin danışığının məzmununa baxanda məlum olur ki, danışıq müəyyən bir istiqamət üzrə gedib. Söhbət elə istiqamətdə gedir ki, sülhü yalnız iki ölkə təmin edə bilər. Açıq deyilir ki, regionun iki əsas ölkəsi Azərbaycan və Rusiyadır. Demək olar ki, danışıqlar, mətbuat üçün ilkin açıqlamalar buna köklənib.
Məsələn, görüşdə bizim Prezidentin açıqlamasından belə məlum oldu ki, bu illə bağlı gözləntilər böyükdür: “Ənənəvi qarşılıqlı fəaliyyət sahələrində - siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəsləyirik”.
Lavrovun da bu yöndə açıqlamaları pozitiv xarakterli oldu: “Bizim iqtisadi əməkdaşlığımızın göstəricisi olan əmtəə dövriyyəsi də rekord səviyyələrə çatır və bu, son hədd deyil. Çünki Siz Prezident Putinlə təkcə ikitərəfli deyil, həm də regional və hətta qlobal xarakter daşıyacaq bir neçə meqalayihənin hazırlanmasını müzakirə etmisiniz. Bu layihələrə sizin və bizim bir çox tərəfdaşlarımız maraq göstərir. Bu da Rusiya və Azərbaycanın liderlər kimi iştirakı ilə bu regionda qarşılıqlı fəaliyyətin necə perspektivli olduğunu göstərir”.
Yəni bu o deməkdir ki, faktiki Ermənistanı silib bir qırağa atıblar. İki ölkə fəaliyyətini əlaqələndirir.
“Əsas məsələ odur ki, Ermənistan Rusiyanın strateji müttəfiqi ola-ola Kremlə xəyanət edir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, Əliyevlə Lavrovun görüşünün yüksək səviyyədə keçirilməsi açıq hiss olunurdu: “Bu, tərəflərin siyasi mesajlarında özünü açıq göstərirdi. Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında bir sıra sahələrdə, o cümlədən siyasi münasibətlərdə yaxınlaşma, qarşılıqlı etibar təsadüfi deyil. Düzdür, hər iki ölkənin regionda coğrafi üstünlüyü çox əlverişlidir. Məsələn, Rusiya ilə Azərbaycan həm quru, həm də dəniz sərhədinə malikdir. Rusiya ilə İranı birləşdirən ən qısa yol Azərbaycandan keçir. İki ölkə arasında ticarət dövriyyəsi artır. Rusiyanın Qərbin yaratdığı blokadadan çıxması üçün Şimal-Cənub Nəqliyyat Dəhlizinin tam işə düşməsi müstəsna əhəmiyyət kəsb edir. Söhbət bu dəhlizin dəmir yolu seqmentindən gedir ki, Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı proseslər gedir. Azərbaycandan keçən bu dəhliz sayəsində Rusiya İran körfəzinə və oradan Hind okyanına çıxış əldə edəcək. Bütün bunlar öz yerində. Əsas məsələ odur ki, Ermənistan Rusiyanın strateji müttəfiqi ola-ola Kremlə xəyanət edir. KTMT-nin, Avrasiya İqtisadi İttifaqının üzvü ola-ola Rusiyanın iradəsinə qarşı çıxaraq Avropa İttifaqı missiyasını sərhədə gətirir. Bu, açıq-aşkar Rusiyaya qarşı mədəni formada tarana getmək anlamına gəlir. Azərbaycan bu blokların heç birində təmsil olunmadığı halda Aİ missiyasının sərhəddə yerləşdirilməsinə qarşıdır. Təbii ki, uzun illər Ermənistanın himayədarı olan Rusiyada bu müsbət qarşılanır. Bütün bunlar Azərbaycana münasibətdə yeni imkanlar pəncərəsi aça bilər. Yaxın aylarda bunun nəticələri özünü göstərə bilər, nəzərə alsaq ki, Rusiyanın regionda praktiki təsir imkanları digər oyunçularla müqayisədə daha böyükdür”.
Vidadi ORDAHALLI