Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri yaxşı fürsət olacaq. Bunu Bakıda Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan-Rusiya günəliyi ilə bağlı bir çox məsələlər müzakirə olunacaq.
Analitiklərin fikrincə, Rusiya baş diplomatının gəlişi iki kontekstdə diqqət çəkir. Birincisi, regiondakı siyasi mənzərə dəyişib və Ermənistanla Rusiya arasında soyuq küləklər əsir. İkincisi isə, səfərdə İrəvana birgə təzyiqlərin müzakirəsi də aktuallıq kəsb edə bilər.
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərini üç istiqamətdən şərh etmək olar: “Azərbaycan-Rusiya, Azərbaycan-Ermənistan -Rusiya və 44 günlük müharibədən sonra Rusiyanın bölgədəki vəziyyəti aspektindən. Bu kontekstdə risqlərin idarə olunması və perspektivləri barədə müştərək fikirlərin dəyırləndirilməsi aparıla bilər. 44 günlük müharibədən sonra Rusiyanın imzaladığı 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliklərə yetərincə əməl etməməsi onun Cənubi Qafqazdakı maraqlarını xeyli zəiflədib. Bu, Azərbaycanla münasibətdə özünü çılpaq göstərməsə də, Azərbaycan anlayır ki, regionda vəziyyət heç də Rusiyanın xeyrinə dəyişmir. Rusiyanın özü də bunun fərqindədir. Ümumilikdə bu görüşü faydalı saya bilərikmi? Mənim fikrimcə, bu görüşdən xüsusi fayda gözləməyə dəyməz. Lavrov nə qədər Rusiya XİN-ə rəhbərlik etsə də, vəziyyət onun erməni əsilli olmasına görə ümidverici olmaya bilər. Biz dəfələrlə Lavrovun erməni maraqlarından çıxış etdiyinin şahidi olmuşuq. Müharibıdən sonrakı dönəmdə məhz Lavrovun dəstəyi nəticəsində ermənilər öhdəliklərini yerinə yetirməkdən yayınmağı bacarıblar. Bunun da nəticəsində kənar oyunçular regiona girməyə nail olub. Ermənistanın gətirdiyi missiya həm də Rusiya əsgərləri ilə üz-üzədir. Bundan sonrakı mərhələdə də Ermənistan missiyanın fəaliyyətini genişləndirəcək. Təbiidir ki, Azərbaycandan müəyyən dəstək də istəniləcək. Azərbaycan həm regionun xüsusiyyətinə, həm də Rusiyanın marağına yaxşı bələd olduğundan, öz dövləti maraqlarının təmini istiqamətində prinsipial mövqe sərgiləyəcək”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə Lavrovun gözlənilən səfərini belə şərh edib ki, səfər Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də yüksək səviyyədə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümü münasibətilə həyata keçirilir.
M.Zaxarova vurğulayıb ki, Bakıda aparılacaq dialoq əsnasında ikitərəfli münasibətlərin bütöv bir kompleksi, aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq, 2020-ci il noyabrın 9-da, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da, 2022-ci il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi vəziyyətinə xüsusi diqqət yetiriləcək.
Məhəmmədəli QƏRİBLİ