Ermənistan ordusunun Baş Qərargah rəisinin keçmiş müşaviri, “Noyan Tapan” agentliyinin analitiki Vladimir Poqosyanın Prezident İlham Əliyevlə bağlı səsləndirdiyi fikirlər diqqəti cəlb edir.
V.Poqasyan etiraf edib ki, Əliyev öz xalqının əsl lideridir: “Azərbaycan prezidenti İlham Əliyev öz xalqının və dövlətinin tarixinə düşəcək. Əgər Əliyevdən danışırıqsa, ölkəsinin əsl prezidentidir. Nə desək, azərbaycanlıları bəyənməsək də, istəməsək də, Əliyev öz dövlətinin əsl başçısıdır. Bizim siyasətçilərdə Əliyevdə olan keyfiyyətlər yoxdur. Mən bunu uzun illərdir deyirəm. Bu mənə bir hekayəni xatırladır: haradasa Stalinə Papaninin güclü olduğunu deyirlər. Stalin soruşur ki, Papaninin nə qədər diviziyasi var? Eynən bizdə: Vardanyanın neçə diviziyasi var? Paşinyanın neçə diviziyasi var? Buna görə də Əliyevin nə Paşinyandan, nə də Vardanyandan çəkinəcəyi heç nə yoxdur”.
“...dövlət başçımızın böyük siyasətçi olduğunu düşmən tərəf də etiraf edir”
Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, Poqosyanın dedikləri reallığı əks etdirir: “Erməni ekspertlərinin əksəriyyəti, o cümlədən V.Poqosyan Azərbaycana qarşı qərəzli, düşmən mövqeyindən çıxış etsələr də, bəzən müəyyən həqiqətləri etiraf etmək məcburiyyətində qalırlar. Müəyyən qrup politoloqlar var ki, Türkiyə və Azərbaycanla xoş münasibətlərin qurulmasında maraqlıdılar. Onlar reallığı əks etdirən fikirlər söyləyirlər. Reallıq odur ki, Prezident İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın lider ölkəsinə çevirdi. Məhz Əliyev prezident seçiləndən sonra Azərbaycan çox sürətlə inkişaf etməyə başladı. Güclü iqtisadiyyat, ordu yaradıldı. Vətənpərvər gənclər böyüdü və bunun nəticəsində 2020-ci ildə ərazi bütövlüyümüz bərpa olundu. Prezident İlham Əliyev incə siyasət yeridərək doğru zamanı seçdi və bu çox önəmli faktordur. 2008-ci ildə Gürcüstan Abxaziya və Cənubi Osetiyanı azad etməyə cəhd etdi, amma bu onlara baha başa gəldi. Gürcüstan nəinki həmin əraziləri azad etmədi, tam əksinə, əlavə ərazilər itirdi. Yəni Abxaziya və Cənubi Osetiyanın 2008-ci ilə qədər Gürcüstanın nəzarətində olan müəyyən əraziləri əldən çıxdı. Ona görə də elə siyasət yeritmək lazımdır ki, bu, milli maraqlara ziyan vurmasın. Bu baxımdan Azərbaycan Prezidentinin böyük siyasətçi olduğunu düşmən tərəf də etiraf edir. Ali Baş komandanımızı xalqın böyük əksəriyyəti dəstəkləyir və bunu daha bariz şəkildə görürük. Bizim dövlət büdcəmiz sosialyönümlüdür və əhalinin güzəranının yaxşılaşmasına xidmət edir. Yəni Prezident İlham Əliyev düşünülmüş xarici və daxili siyasət yeridir. Onun bəhrəsi də göz önündədir. Həqiqətən də bu kimi keyfiyyətlər digər dövlət başçılarına məxsus deyil. Erməni tərəfi də getdikcə bütün bunların fərqinə varır. Qarabağ dalğasında Ermənistanda hakimiyyəti ələ keçirən Köçəryan-Sarkisyan cütlüyü 20 il ölkəni talan etdi. Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalması erməni xalqına xoşbəxtlik gətirmədi. Tam əksinə, Ermənistan regional layihələrdən kənarda qaldı, sərhədlərin bağlı olması səbəbindən əhali ölkəni tərk etdi. 90-cı illərin ortalarında Ermənistan əhalisi 3,5 milyon nəfər idisə, hazırda onların sayı heç 3 milyona çatmır. Ancaq Qarabağ dalğasında hakimiyyətə gələnlərin milyonları var və bunu xarici banklarda saxlayırlar”.
Bir sözlə, siyasi ekspert hesab edir ki, belə etiraflar erməni cəmiyyətini reallıqla hesablaşmağa alışdırmağa köklənib.
Vidadi ORDAHALLI