Otuz bir il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı xalqımızın, dünya ictimaiyyətinin yaddaşında sağalmaz iz buraxıb. Hər il soydaşlarımız, o cümlədən dünya azərbaycanlıları bu dəhşətli faciəni – insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayəti dərin hüznlə yad edir. Bununla əlaqədar paytaxtda və respublikamızın bütün bölgələrində anım mərasimləri keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir, ruhlarına dualar oxunur.
Hazırda dünyanın bir sıra ölkələrində bu qətliamın ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir. Qürurverici haldır ki, artıq ABŞ kimi qüdrətli dövlətdə də Xocalı faciəsinin ildönümü qeyd edilir. ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 Fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıblar. Həmin şəhərlərin merləri Mitç Kolvin, Eleyn M. O'Nil və Jak Qilbertin imzaldığı bəyannamələrdə bildirilib ki, Apeks, Darem və Fayetvill şəhərləri hər il 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və kədər hissi ilə yad edir.
Onu da qeyd edək ki, artıq Xocalı faciəsinin soyqırım olması faktı dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapır. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırım kimi tanıyıb.
Ancaq Xocalıda törədilmiş cinayətlərlə bağlı beynəlxalq tribunal yaradılmayıb. Bu istiqamətdə nə kimi işlər görülməlidir?
“Xocalı soyqırımı ilə bağlı məsələ qlobal nizamsızlığın və ədalətsizliyin növbəti təzahürlərindən biridir”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Xocalı soyqırımı ilə bağlı məsələ qlobal nizamsızlığın və ədalətsizliyin növbəti təzahürlərindən biridir: “Haqq, ədalət, beynəlxalq hüquqdan danışan beynəlxalq siyasi qüvvələr bugünə qədər ən böyük insanlıq faciəsi hesab edilən Xocalı məsələsinə mövqesiz qalıblar. Azərbaycan tərəfi Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsi üçün əlindən gələni edir. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” missiyası ilə bağlı böyük işlər həyata keçirilir. Təəssüflər olsun ki, Xocalı həqiqətlərini görmək istəməyən böyük bir nizamsızlıq var. Bu ədalətsizlik tək Xocalı faciəsi üçün deyil, Xocalıya qədər xalqımızın başına gətirilən oyunlarla bağlı hər hansı bir mövqe ortaya qoyulmayıb”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan tərəfi məlum mövzu ilə bağlı bütün beynəlxalq platformalarda hüquqi mübarizəsini davam etdirir. Beynəlxalq ədalət məhkəməsinə vəsatətlər verilib.
Siyasi şərhçi hesab edir ki, Xocalı soyqırımının araşdırılması üzrə xüsusi beynəlxalq tribunal yaradılmalıdır: “Tribunalı yaxın vaxtlarda yaratmaq lazımdır, çünki həmin hadisələrin şahidləri hələ ki, həyatdadır”.
Günel CƏLİLOVA