İngilis casusu, rus əlaltısı, separatçıların guya "para babası" olan Ruben Vardanyanın Araik Arutyunyan tərəfindən "Arsax" ın "dövlət naziri" "postundan" uzaqlaşdırılması Ermənistanın müxtəlif dairələrində ciddi müzakirə olunur. Guya Vardanyan çox böyük "siyasi fiqur" imiş, onu bu qədər mataha mindirirlər...
Fakt budur ki, Ermənistanda müxtəlif dairələr Vardanyanın aqibətini saf-çürük edirlər.
Erməni ictimai-siyasi fəal Naira Zohrabyan R.Vardanyanın "Artsax"ın "dövlət naziri vəzifəsindən uzaqlaşdırılmasını şərh edib.
N.Zohrabyan “Əliyevin tələbi ilə bir qədər əvvəl Artsax prezidenti Arayik Arutyunyan dövlət naziri Ruben Vardanyanı tutduğu vəzifədən uzaqlaşdırdı...”-deyə qeyd edib.
N.Zöhrabyan həmçinin vurğulayıb ki, Arayik Arutyunyan uzun çıxışında Ruben Vardanyanın mövcud vəziyyətə və bu qərara rəğbət bəslədiyini qeyd edib, yəni Əliyevin qərarına...
Bu gün Ermənistanda üstün rəy ondan ibarətdir ki, Vardanyanı oradan Əliyev qovdurdu və artıq Xankəndidə Əliyevin sözünə rəğbət bəslənilir.
“Belə olan şəraitdə təbiidir ki, Qarabağdakı ermənilər də, onların ağaları da bizimlə hesablaşmaq məcburiyyətində qaldılar”
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, erməni ictimai rəyinə görə, Qarabağdakı ermənilərin gələcək taleyi Əliyevin verəcəyi qərara bağlıdır.
“Vardanyanın “vəzifəsindən” dırnaqarası prezident tərəfindən uzaqlaşdırılması, əlbəttə ki, Azərbaycanın tələbi ilə baş verdi. Yəni buna heç kəsin şübhəsi olmasın. Ona görə ki, Azərbaycan dövləti, özəlliklə də Prezident İlham Əliyev hansısa təsadüfi, kənardan göndərilmiş bir adamla Qarabağdakı erməni əhalimizin taleyini müzakirə etmək fikrində olmadığını açıq şəkildə həm bəyan etdi, həm də əməldə göstərdi. Belə olan şəraitdə təbiidir ki, Qarabağdakı ermənilər də, onların ağaları da bizimlə hesablaşmaq məcburiyyətində qaldılar. Ermənistandakı ictimai rəyə gəlincə, açığını deyim, bu ötən müddət ərzində, yəni Vardanyanın burada “dövlət naziri” “vəzifəsi”ni icra etdiyi dövrdə xatırlayıram ki, onun ətrafında bir təbliğat komandası formalaşdırmışdılar. Həmin komanda durmadan gecə-gündüz Vardanyanla bağlı təbliğat aparırdı. Bu təbliğat da bir az haylı-küylü aparılırdı. Təbiidir ki, biz gərək olduğunda onların cavablarını verirdik. Amma həmişə də iddia edirdilər ki, onlar dediyi olacaq. Biz deyirdik ki, Azərbaycan dövləti bu məsələdə heç kəslə hesablaşan deyil, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır və dövlətimiz öz vətəndaşları ilə kənardan gələn kimsənin vasitəsilə danışmaq fikrində deyil. Artıq görürəm ki, Vardanyan "vəzifəsin"dən dırnaqarası prezident tərəfindən uzaqlaşdırılandan sonra onun ətrafındakı təbliğatçı ordusunu da qazıyıb atıb”.
A.Həsrətin fikrincə, separatçılar əvvəlki hücum ritorikasıda deyillər, aqressiyaları da zəifləyib, ümumiyyətlə, uduzduqlarının fərqindədirlər. Təbiidir, artıq erməni ictimai rəyi də qəti şəkildə bu qənaətə gəlib ki, (əvvəldən də bu qənaət var idi, amma indi daha da möhkəmlənib - A. H) Qaradağdakı ermənilərin taleyi həqiqətən də İlham Əliyevdən asılıdır, o nə qərar verəcəksə o qərar da olacaq. Yəni bu Azərbaycanın dinc, yumşaq gücdən ustalıqla istifadə etməsinin nəticəsidir".
A.Həsrətin sözlərinə görə, Azərbaycan dövləti həmişə bəyan edib ki, oradakı erməni vətəndaşlarla bağlı düşmən siyasəti yürütmək fikrində deyil. Onun bildirdiyinə görə, həqiqətən də 12 dekabrdan başlayan və iki aydan çoxdur davam edən ekoloji fəalların aksiyası da göstərdi ki, Azərbaycan düşmən mövqedə deyil: “Yəni erməni ictimai rəyi artıq bununla hesablaşmaq məcburiyyətində qalır”-deyə A.Həsrət əlavə etdi.
İradə SARIYEVA