"Rusiya hərbçiləri Ermənistanı rəsmi surətdə tərk etməyə başladılar". Rusiyanın bölgədən mümkün qədər tez yığışıb getməsi mütləq çoxluğun istəyi olsa da, həqiqətən və indiki qlobal və regional geosiyasətə qəti uyğun olmayan bu kimi xəbəri yayanlar hansı məntiqə, hansı ağıla söykənirlər?!.. Siyasi təhlillərdə bu qədər naşılığın bir izahı varmı? Siz bilirsinizmi?..
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Rusiya ordusunun yığışıb guya Ermənistandan getməsini "xəbərə" çevirib elə bir vaxtda yayırlar ki, Putin "Lujniki"də "biz Ukraynada öz tarixi ərazilərimizdə vuruşuruq" kimi bütün mütərəqqi dünya qüvvələrini əsəbləşdirən bəyanat verir. Suveren bir dövlətin ərazisini işğal edərək bunu öz tarixi haqqı sayan Putin qoşununu Ermənistandan geri çəkərmi? Nə vaxtsa çəkəcəklər. Ancaq o vaxtın indi olduğunu deyənlərin düşüncəsinə şübhə edirəm. Rusiya XİN açıq bəyan edir ki, Cənubi Qafqazda bizə məxsus olan tarixi təhlükəsizlik sxemlərini dəyişməyə heç cür imkan vermərik. Belə ölkənin Ermənistanda öz hərbi mövcudluğuna məhz indi son verdiyini sübut edən hansı tutarlı arqumentlər var?.. Nə vaxtsa belə arqumentlər olacaq. Ancaq həmin vaxt indi deyil axı...
Belə qeyri-real, ucuz sensasiyalara, mənasız "baxış sayları"na hesablanmış xəbərlər Azərbaycanda ictimai rəyi yanlışa kökləməkdən başqa daha ziyanlı olan başqa bir rol da oynayır. Belə ki, dövlətimizin təmkinli və məqsədyönlü siyasəti və yanlış emosiyalara qapanmış cəmiyyətimizin arasında ziddiyyət yaradır... Bunun nə demək olduğunun fərqinə varırsınızmı?..
Tahir TAĞIYEV