Ukrayna müharibəsi ilə əlaqədar olaraq 2022-ci ildə Qərb sanksiyalarından yan keçmək üçün Rusiyanın istifadə etdiyi əsas ölkələrdən biri Ermənistandır. Məsələ ondadır ki, ötən il iki ölkə arasında ticarət dövriyəsi kəskin artıb.
Məsələn, 2021-ci ildə Rusiya-Ermənistan ticarət dövriyyəsi 2,6 mlrd. dollar olub ki, Ermənistandan Rusiyaya cəmi 710 mln. dollarlıq mal-məhsul ixrac edilib. 2022-ci ildə, yəni, Rusiyaya qarşı sərt sanksiyaların tədbiqinə başlanan ildə isə Rusiya-Ermənistan ticarət dövriyyəsi 5 mlrd. dollara yaxın olub. 2022-ci ildə Ermənistandan Rusiyaya ixrac 2021-ci illə müqayisədə 4 dəfə artaraq, 2,5 milyarda çatıb. Bir il ərzində bu cür sıçrayış inanılmazdır. Yəni, bu, Ermənistanın iqtisadi inkişafı ilə bağlı deyil. Ötən ilin fevralında Ukraynaya qarşı hərbi əməliyyatlar başlayan kimi Rusiyaya ixracın artması Qərb məhsullarının Ermənistan vasitəsilə daşınması deməkdir.
Burada təəccüb doğuran məqam odur ki, Ukrayna müharibəsindən sonra Rusiyaya pul köçürmələrdə iştirak edən Azərbaycan maliyyə təşkilatına o dəqiqə sanksiya tətbiq edib blokladılar. Ermənistan üzərindən bu boyda dövriyyə olduğu halda, nəinki sanksiya, bu ölkəyə heç xəbərdarlıq belə etmirlər.
“Rusiyanın bir sıra şirkətləri sanksiyalardan yayınmaq üçün Ermənistanda fəaliyyət göstərir”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynov hesab edir ki, bütün bunlar beynəlxalq təşkilatların Ermənistana dolayı olaraq verdikləri dəstəyin göstəricisidir: “Bəli, Ermənistanla Rusiya arasında 1 il ərzində ticarət dövriyəsinin 2 dəfə, ixracın 4 dəfə artması real iqtisadi əsaslara söykənmir. Ona görə ki, Ermənistan iqtisadi baxımdan zəif ölkədir. Ermənistan 30 ilə yaxın işğal etdiyi ərazilərimizin sərvətlərini talamaqla məşğul idi. Buna da 2 il əvvəl şanlı ordumuz son qoydu. Pandemiyadan sonra Ermənistanda bir belə iqtisadi artım mümkün deyil. Ona görə ki, bu ölkənin elə bir iqtisadi imkanları yoxdur. Rusiyanın bir sıra şirkətləri sanksiyalardan yayınmaq üçün Ermənistanda fəaliyyət göstərirlər. Bir sıra məhsullar Ermənistan üzərindən Rusiyaya daşınır. Bu da ilk baxışdan belə təəssürat yaradır ki, guya iki ölkə arasında ticarət dövriyyəsi artıb. Əslində isə bu, belə deyil. Bütün bunları Qərb və onun təsisatları çox yaxşı bilir. Çünki çox asanlıqla bu maliyyə dövriyəsini izləməklə bunu aşkar etmək mümkündür. Sadəcə, Qərb riyakarcasına bütün bunları görməzdən gəlir. Hesab edirlər ki, bu minvalla Ermənistan iqtisadi baxımdan güclənir. Əgər bənzər proseslər Azərbaycan üzərindən getsəydi, o saat bizi hədəf alardılar. Mövzu Ermənistan olanda isə bunu görmək istəmirlər. Qərb ədalət və regionda stabillik istəyirsə, bütün tərəflərə bərabər yanaşmalıdır. Əfsuslar olsun ki, biz bunu görmürük. Ermənistanı görməzdən gəlmələri bir daha sübut etdi ki, Qərbin özü də beynəlxalq hüquqa hörmət etmir”.
Vidadi ORDAHALLI