Avronest Parlament Assambleyası Ermənistanın Laçın yolu ilə bağlı 7 qətnaməsini rədd edib. Belə ki, Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avronest Parlament Assambleyasının 10-cu sessiyası başa çatıb.
Sessiyada Milli Məclisin nümayəndə heyəti iştirak edib.10-cu sessiyanın yekun sənədinə Ertmənistan nümayəndə heyəti tərəfindən 12 dəyişiklik təklif olunub. Dəyişikliklər “Laçın koridorunun açılması”, “Dağlıq Qarabağın blokadadan çıxarılması”, “Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT Minsk Qrupunun aktivləşdirilməsi” kimi çağırışları əhatə edib. Azərbaycan nümayəndə heyətinin həm ikitərəfli görüşlərdə etdiyi səylər, həm də komitə və plenar iclaslarda çıxışlarda gətirdiyi arqumentlər nəticəsində Ermənistan nümayəndı heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.
Bu fakt bir daha hər kəsin regionda sülh, qanuni yaşayış və inkişafın tərəfində olduğunu göstərir. Artıq heç bir dövlət Ermənistanın yalançı tezislər üzərində qurulan siyasətinə ortaq olmaq istəmir.
“Bu onu göstərir ki, Avroittifaq öz strateji maraqlarını və hədəflərini erməni yalanlarına qurban verməyəcək”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, prinsipcə, bu ciddi uğurdur: “Çünki neçə müddətdir Ermənistan Laçın yolu ətrafında böyük kampaniya aparır. Bununla bağlı qarşı tərəf bütün resurslarını səfərbər edib. Erməni lobbisi, onların himayədarları var gücü ilə dünyanı inandırmağa çalışırlar ki, guya Azərbaycan Qarabağdakı erməni azlığı blokadaya salaraq boğur. Təsadüfi deyil ki, zaman-zaman ermənilərin maraqlarından çıxış edən bir sıra dairələr dövlətlərə təsir etmək üçün bundan bir vasitə kimi istifadə edirlər. Eyni zamanda, 2021-ci ilin ortalarından başlayaraq Ermənistan tərəfi guya Azərbaycanın onların ərazilərini işğal etməsi barədə yalanlarla çıxış edirlər. Ermənistan hesab edirdi ki, bütün bunlar onların işinə yarayacaq və son nəticədə Azərbaycana yönəlik güclü beynəlxalq təzyiqlər olacaq. Hətta məsələni ötən il BMT Təhlükəsizlik Şurası müstəvisinə çıxartmağa cəhd etdilər, amma uğursuzluqla üzləşdilər. Təbii ki, sözügedən məsələdə Ermənistanın əsas himayədarı olan Fransa xüsusi fəallıq göstərir. Ancaq məlum oldu ki, heç də hər şey Fransanın istəklərindən asılı deyil. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, yeni nəqliyyat dəhlizləri ilə bağlı formalaşan mənzərə ermənilərin planlarını pozur. Avronestdə Ermənistan tərəfindən təklif olunan qətnamələrin birmənalı olaraq rədd edilməsi bunun tərkib hissəsidir. Bu onu göstərir ki, Avroittifaq öz strateji maraqlarını və hədəflərini erməni yalanlarına qurban verməyəcək. Ermənistanda Qərbpərəst qüvvələrin hakimiyyətdə olması belə bu reallığı dəyişə bilməyəcək. Bütün bunlar onu göstərir ki, artıq dünya 90-cı illərdəki dünya deyil. O zaman erməni lobbisi mövcud şəraitdən, yaranan boşluqlardan hiyləgərcəsinə istifadə edərək vəziyyəti Ermənistanın xeyrinə dəyişə bildi. Ancaq zamanla Azərbaycan bütün bu reallıqları dəyişdi. Həm siyasi, həm də hərbi müstəvidə”.
Bütün bunlarla yanaşı partiya sədri hesab edir ki, arxayınlaşmaq və ayıq-sayıqlığı əldən vermək olmaz.
Vidadi ORDAHALLI