Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı prezident İlham Əliyev Ruben Vardanyanla bağlı fikir səsləndirib:
“Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin”.
Beləliklə, Azərbaycan Ermənistanı, Qarabağda qalan erməniləri fakt qarşısında qoyub. Ruben Vardanyan Qarabağda olduğu müddət ərzində Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlar aparması mümkün deyil. Əslində, bunu ermənilər də qəbul edir.
Maraqlıdır ki, həmin müzakirədə iştirak edən Nikol Paşinyan bu məsələyə heç bir reaksiya verməyib. Onun Vardanyanla bağlı səslənən fikrə susqunluq nümayiş etdirməsi nə ilə bağlıdır?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, bunun obyektiv səbəbləri var: “Qarabağda separatçı-terrorçu rejim daxilində siyasi böhran yaranıb. Laçın yolundakı aksiya fonunda Xankəndidə baş verənlər rejimdaxili qarşıdurmanın kəskinləşməsindən xəbər verir. Və əsas proseslərin Vardanyan ətrafında yaşandığı bəllidir.Vardanyanı ora Rusiya göndərib. İş burasındadı ki, 44 günlük müharibədən sonra erməni diasporu daxilində Paşinyanla problemləri yaranmış qanad da Vardanyanı dəstəkləyir. Paşinyan ehtiyat edir ki, Vardanyan separatçı rejimdə nəzarəti ələ ala bilər.
Hesab edilir ki, Qarabağda separatçı-terrorçu rejimin ləğvi reallaşarsa, Vardanyan Ermənistan siyasətinə transformasiya edərək, Paşinyana ciddi rəqib ola bilər. Rubenin Qarabağa gətirilməsinin əsas hədəflərindən birinin məhz bu olduğu ehtimalı böyükdür və Paşinyan bunu bilir. Paşinyan Arayik Arutunyandan Vardanyanı sıxışdırmağı tələb edir. Əslində, bu proses bizə sərf edir. Paşinyan da çalışır ki, bütün günahları Vardanyanın üstünə yıxsın. Laçın yolundakı vəziyyətin gərginləşməsindən tutmuş, digər məsələlərə qədər. Bu baxımdan da, İlham Əliyevin Vardanyanla bağlı irəli sürdüyü tələblər dolayısı ilə Paşinyan üçün də məqbul sayılır”.
Elşən Həsənov hesab edir ki, Paşinyan ətrafında oynanılan oyunları görür: “Ard-arda Qərbə etdiyi səfərlər, KTMT-dən çıxış uğrunda apardığı mübarizə və ən əsası sülh prosesini yekunlaşdırmaq arzusu onun da sonunu gətirə bilər. Prosesi təhlil etdikdə bir fakt aydın görünür - Paşinyan bütün gücünü Vardanyanın fiaskosuna yönəldib. Təsadüfi deyil ki, bu iki şəxs arasında gedən qarşılıqlı mübarizə bütün çılpaqlığı ilə ortadadır. Məsələn, Vardanyan Ermənistanın, bu ölkənin siyasi rəhbərliyinin Qarabağdakı erməniləri unutduğunu “göstərməyə” çalışır. Paşinyan isə bütün dünyaya separatçılarla hər hansı bir əlaqəsinin olmadığını, onları tanımadığını nümayiş etdirməyə səy göstərir. Onun ard-arda atdığı addımlar, verdiyi bəyanatlar bunu deməyə əsas verir. Susqunluğunun səbəbi bütün bu amillərlə bağlıdır”.
Məhəmmədəli QIRİBLİ