“Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi”. Bunu Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda sualları cavablandırarkən dedi.
Ölkə başçısının sözlərinə görə, bizim təcrübəmiz göstərir ki, sülh danışıqları bəzən çox uzanır: “Biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər. Bu vəziyyət, həmçinin, Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Lakin bu bizi qane etmirdi. Buna görə də biz hazırlaşırdıq, səylərimizi səfərbər edirdik , yeni nəsil böyüdürdük. Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişdirirdik. Bu baxımdan, bəli, mən sülh danışıqlarının keçirilməsinin əleyhinə deyiləm. Lakin siz ədaləti güc vasitəsilə bərpa etməli olursunuz. Bu, sizin qanuni haqqınızdır. Bu haqqı sizə BMT-nin 51-ci fəsli verir. Biz də bu haqqımızdan istifadə etdik”.
Prezidentin danışıqların 28 il çəkməsi ilə bağlı səsləndirdiyi fikirləri Ermənistana, Qərb dövlətlərinə bir mesaj kimi də dəyərləndirmək olarmı? O mənada ki, bu dəfə danışıqların 28 il davam etməsinə imkan verməyəcəyik.
“Bu o deməkdir ki, bundan sonra Azərbaycan Ermənistana 28 il danışıqları uzatmağa imkan verməyəcək”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, ölkə başçısının bu mesajı nəinki Ermənistana, onları himayə edən bütün tərəflərə bir xəbərdarlıqdır: “Bu, təkcə bir mesaj deyil. Bu, həm də dövlət başçısının reallığı dəyərləndirməsidir. Prezidentimiz belə konkret mövqe ortaya qoymaqla, həm də Azərbaycan xalqının iradəsini ifadə edir. Çünki Azərbaycan çox böyük haqsızlıqlara məruz qalıb. Ortada BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi ola-ola, 27 il ərazilərimiz işğal altında qaldı. Bütün dünyanın gözü qarşısında böyük dövlətlər ali dəyərlərə tüpürdülər. Ermənistan adi bir qınağa belə məruz qalmadı. Bundan böyük haqsızlıq, ədalətsizlik olmayıb. İşğal dövründə bütün yaşayış məntəqələrimiz yer üzündən silinərək xarabazarlığa çevrildi. Bir dəfə bu vandallığa etiraz edilmədi. Halbuki, bu, dünyada görünməmiş bir barbarlıq idi. Ona görə də Prezident İlham Əliyevin o fikirlərində çox ciddi məqamlar var. Belə yanaşma mesaj baxımından özündə çox şeyləri ehtiva edir. BMT-nin, digər təşkilatların, dünya ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda işğalı uzun müddət görməzdən gəlmələri bağışlanmazdır. Bu o deməkdir ki, bundan sonra Azərbaycan Ermənistana 28 il danışıqları uzatmağa imkan verməyəcək. Fərrux və “Qisas” əməliyyatları ermənilərə dərs olmadısa, bundan sonra daha sərt olacağıq”.
Vidadi ORDAHALLI