Fransa prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransında çıxışının əsas hissəsini Rusiyaya düşmənçilik və Ermənistana dostluq mesajları üzərində qurub. Makron çıxışında Rusiyanı qeyri-sabitliyin və xaosun mənbəyi kimi təqdim edib. Həmçinin Fransanın Ermənistanın yanında olmağa davam edəcəyini vurğulayıb.
Faktiki olaraq, sözügedən tədbirdə Makron Rusiyanı hədəf alaraq Ermənistana açıq dəstək ifadə etdi: “Bu gün bizim vəzifəmiz Rusiyanın təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə, Afrikada qeyri-sabitlik və xaos yayan qüvvə olduğunu izah etməkdir. Neokolonial Rusiyanın Qafqazdakı çətinliklərin öhdəsindən gələ biləcəyinə necə inanmaq olar? Mən bunu dostum, baş nazir Nikol Paşinyanın yanında deyirəm: onun və Ermənistanın yanında dayanmağa davam edəcəyik”.
Makronun bu çıxışından bir daha aydın olur ki, Fransa bölgədə Rusiyaya qarşı ittifaq formalaşdırır və bu prosesdə Ermənistan aparıcı rol oynayır. Nəinki Cənubi Qafqazda, digər regionlarda da Rusiyaya qarşı müharibə elan edir və Ermənistanı bu məsələdə özünə əsas müttəfiq hesab edir.
“Bu baxımdan hesab edirəm ki, Paşinyan çox təhlükəli oyun oynayır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə Makronun fitnəkarlığına bir neçə aspektdən yanaşdı: “Əvvəla, Fransa zaman-zaman Rusiyanın mövqeyini nəzərə almağa çalışıb. Tarixən iki ölkə arasında xüsusi münasibətlər olub. Bir sıra məsələlərdə ortaq hərəkət ediblər. Bu həmin Fransadır ki, Gürcüstanı 2008-ci ildə təslim olmağa təhrik edirdi, faktiki olaraq Krımın ilhaqını görməzdən gəldi. Ancaq bu dəfə tam fərqli bir mənzərənin şahidi olduq. Çünki Münhen Təhlükəsizlik Konfransında Fransa açıq-aşkar Rusiyaya meydan oxuyaraq Ermənistanın "təhlükəsizliyini" müdafiə etmədiyini bəyan etdi. Açıq dedi ki, bundan sonra bu işi Paris görəcək. Qeyd etmək lazımdır ki, son dövrlər Nikol Paşinyan olduqca təhlükəli bir siyasət ortaya qoyub. Onun bu xətti belə davam edərsə Rusiyanın bu ölkədə siyasi proseslərə müdaxilə etməsi ilə nəticələnə bilər. Özü də bu ehtimal böyükdür və Kreml üçün bunu həyata keçirmək çətin deyil. Çünki çoxsaylı təzyiq imkanları var. Təbii ki, E.Makronun bu siyasətinin arxasında Cənubi Qafqazda möhkəmlənmək və regionda Rusiyanın mövqeyini zəiflətmək dayanıb. Bu, Ermənistan üzərindən açıq-aşkar Rusiyaya meydan oxumaqdır. Düşünürəm ki, Fransanın regionda rolu sabitliyə xidmət etməyəcək. Parisin avantürist siyasəti bəllidir. Ona görə də Makronun Ermənistana dəstək verməsi sülh prosesini pozacaq. Ermənistan Fransa və Rusiya arasında platsdarmdı və nəticədə Paşinyanın siyasi mövqeyi ciddi şəkildə zədələnəcək. Bundan da rəqibləri Nikola qarşı məharətlə istifadə etməyə çalışacaqlar. Bu baxımdan hesab edirəm ki, Paşinyan çox təhlükəli oyun oynayır”.
Vidadi ORDAHALLI