“Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun”.
Bunu Prezident İlham Əliyev Münhendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.
Ölkə başçısının fikrincə, Ermənistanın nə istədiyi bəlli deyil: “Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası “Dağlıq Qarabağ problemi” ilə məşğul olmaq istəyirlər. Ona görə, onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - əgər o mövqe varsa, - çatdırmalıdırlar”.
Maraqlıdır, həqiqətən də Ermənistan nə istəyir?
“Erməni tərəfi istəyir ki, Avropa İttifaqı ölkədən Rusiyanı sıxışdırıb çıxarsın, Fransa Cənubi Qafqazda əsas oyunçu olsun”
Sözügedən məsələyə aydınlıq gətirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Ermənistan istəyir ki, bir sıra məsələlərlə bağlı proses uzansın: “Ermənistanın əsas istəyi odur ki, proses uzansın və üzərlərinə götürdükləri öhdəliklərdən yayınsınlar. Məsələnin əsas mahiyyəti bununla bağlıdır. Çünki erməni tərəfində belə bir ümid var ki, prosesi uzatmaqla haçansa geosiyasi vəziyyətin dəyişməsinə nail olacaqlar. Guya bu zaman erməni tərəfi danışıqlarda daha güclü tərəf olacaq. Paşinyan hakimiyyəti ümid edir ki, Türkiyədə keçirilən seçkilərdə Ərdoğan məğlub olacaq və Azərbaycan Ankaranın dəstəyindən məhrum olacaq. Ən azından, Türkiyədə yeni iqtidar Ərdoğan qədər Azərbaycana dəstək verməyəcək və s. Erməni tərəfi istəyir ki, Zəngəzur dəhlizi olmasın, amma Laçın yolu ilə ermənilərin sərbəst gediş-gəlişi təmin edilsin. Onlar istəyirlər ki, Qarabağ separatçıları ətrafında əzabkeş obrazı yaratmaqda davam etsinlər və bu minvalla Qərbdən, erməni lobbisindən milyonlar qoparsınlar. Erməni tərəfi istəyir ki, Avropa İttifaqı ölkədən Rusiyanı sıxışdırıb çıxarsın. İstəyirlər ki, Fransa Cənubi Qafqazda əsas oyunçu olsun. Bunun üçün də Qarabağ separatçılarından bir vasitə kimi istifadə etməkdə davam etsinlər. Ermənistan istəyir ki, sərhədlər delimitasiya olunmadan Azərbaycan üzərindən nəqliyyat əlaqəsi qursunlar. Onlar istəyir ki, Türkiyə Ermənistanla münasibətlərin qurulmasında, sərhədlərin açılmasında Azərbaycan amilini nəzərə almasın. Ona görə də biz qarşı tərəfin necə məkrli olduğunu heç vaxt unutmamalıyıq”.
Vidadi ORDAHALLI