Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yollanıb. Lakin onun adı heç bir panel müzakirədə yoxdur. Əliyev və Qaribaşvili də Münhendədir və onlar Cənubi Qafqazda təhlükəsizliklə bağlı müzakirədə iştirak edəcəklər.
Sual yaranır: bəs Paşinyan Münhenə niyə gedib? Maraqlıdır, Paşinyan dövlət başçılarının ənənəvi olaraq indiki geosiyasi və geoiqtisadi mövqelərini səsləndirmək üçün istifadə etdikləri beynəlxalq platformada niyə Avropa ictimaiyyətinin yanında Əliyevlə açıq danışmaq fürsətini əldən verir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həm İlham Əliyev, həm də Nikol Paşinyan hazırda Almaniyada səfərdədir: “Hər iki dövlət başçısı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün ora yollanıb. Mətbuat bundan öncə onların konfrans çərçivəsində görüşə biləcəklərini iddia etsə də, məlumat hələ heç bir tərəfdən rəsmi formada təsdiqlənməyib. Son məlumatlara görə, N.Paşinyan Münhendə Prezident İlham Əliyevlə Qafqaz debatından yayınıb.
Liderlərin Almaniyaya səfərindən öncə isə Ermənistan Bakıya sülh müqaviləsinin mətni ilə bağlı öz təkliflərini göndərdiyini bildirmişdi.
Hazırda Ermənistanın geopolitik mövqeləri də olduqca zəifdir. Rəsmi İrəvan sülh masası arxasında özünü rahat hiss etməsi üçün vacib olan parametrlərə sahib deyil. Və belə vəziyyətdə Paşinyan hakimiyyəti üçün Azərbaycanın rəsmi dairələri ilə birbaşa təmaslardan yayınmaq daha sərfəlidir.
Buna görə də, baş nazir Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində iştirakdan yayınması qətiyyən təəccüblü deyil. Ermənistan baş naziri N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə beynəlxalq ictimaiyyətin qarşısına çıxmağın nə qədər riskli olduğunu anlayır. Erməni baş nazirin belə bir cəhdi uğursuzluqla nəticələnmişdi. Həmin vaxt ingilis dilində keçirilən panel müzakirəsində İlham Əliyev onu darmadağın etdi. Böyük ehtimalla Paşinyan eyni situasiyanın daha ağır şəkildə təkrarlana biləcəyindən ehtiyat edir. Paşinyan bilir ki, o sırf imitasiya ilə məşğuldur. Sülh prosesinə də hazır deyil. İlham Əliyevin bu yöndə gətirəcəyi arqumentlər qarşısında acizlik nümayiş etdirəcək”.
Ekspertin sözlərinə görə, Nikol Paşinyan hökumətin iclasında deyib ki, o, sülh sazişi ilə bağlı sənədin bir nüsxəsini də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə göndərib: “Paşinyan hesab edir ki, imzalanma uzunmüddətli sülhə gətirib çıxarmalıdır və sülh müqaviləsi müharibə üçün səbəbə çevrilməməlidir. O, hökumətin və şəxsən özünün belə bir sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu təsdiqləyib. Laçın yolundakı etiraz aksiyasından da danışan baş nazir ənənəvi ritorikadan istifadə edib və növbəti dəfə Bakının əsas hədəfinin “Qarabağda etnik təmizləmə” aparmaq olduğunu iddia edib.
Göründüyü kimi, Paşinyan yenə də sabit mövqe ortaya qoymur. Əvvəla, İrəvan sülh sənədini niyə həm də Minsk Qrupu həmsədrlərinə göndərir? Ölü bir qurumun məsələyə nə dəxli var? Bu ona dəlalət edir ki, rəsmi İrəvan hələ də MQ-yə ümidlər bəsləyir. Demək, Bakı ilə sülh anlaşması məsələsində səmimi deyil. Bütün bunlara görə, o İlham Əliyevlə üz-üzə gəlməkdən çəkinir”.
Məhəmmədəli QƏRİBLİ