16 fevralda ‘’Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmov və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının iştirakı ilə Biləcəri dəmir yolu stansiyasından qardaş ölkəyə 25 konteynerdən ibarət humanitar yük yola salınıb.
Trend-in məlumatına görə, humanitar yardım Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Kahramanmaraş və 10 vilayətdə baş vermiş güclü zəlzələdən zərər çəkmiş insanlara çatdırılacaq.
Yola salınan humanitar yardım əsasən tibbi ləvazimatlar, qızdırıcılar və generatorlardan ibarətdir və 3 gün ərzində mənzil başına çatacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib ki, bugünə qədər humanitar yardımlar Azərbaycandan Türkiyəyə hava və quru yolu ilə göndərilirdi:“Hazırda humanitar yardımları 25 konteynerdən ibarət yük qatarı ilə yola salırıq. Bu qatar Bakı-Tiblisi-Qars dəmiryolu xətti üzrə 3 gün ərzində qardaş Türkiyəyə çatdırılacaq. Biz bu humanitar yardımların dəmiryolu vasitəsilə çatıdırılmasında əlimizdən gələni əsirgəmiyəcəyik”.
Burada diqqət çəkən məqam odur ki, ilk dəfə olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə humanitar yardımlar göndərilib. Bu da bir daha Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin nə qədər gərəkli və əhəmiyyətli layihə olduğunu bir daha sübut edir. Gördüyünüz kimi, humanitar yardımların hava və quru yolla yanaşı dəmir yolu ilə daşınması da təmin edilib. Təbii, bunun ilk dəfə baş verməsi diqqətçəkicidir.
İlk dəfə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə qardaş ölkəyə humanitar yardım aparılmasını necə dəyərləndirmək olar?
“Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm regional strateji layihədir”
SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin böyük uğuru deməkdir.
“Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasındakı dövlətlərarası, xalqlararası səmimi dostluq və qardaşlıq münasibətləri uzun tarixi keçmişə dayanır. Türkiyədə məlum təbii fəlakət hadisələrində də Azərbaycan daima qardaş ölkənin yanında olub və bu gün də olmaqda davam edir”.
Media Qrupu rəhbərinin sözlərinə görə, həm zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması, həm də yaralıların, həlak olan insanların cəsədlərinin dağıntılar altından çıxarılması istiqamətində Azərbaycan müxtəlif vasitələrlə qardaş ölkəyə yardımlarını davam etdirib: “Məhz bununla bağlı olaraq hazırda da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir neçə axtarış-xilasetmə qrupu təbii fəlakət baş verən ərazidədir.
Digər tərəfdən ötən gün Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Kahramanmaraş və 10 vilayətdə baş vermiş güclü zəlzələdən zərər çəkmiş insanlara göndərilən 25 konteynerdən ibarət humanitar yardım göstərir ki, dəmir yolu xətti burada nə kimi əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm regional strateji layihədir. Avropa və Asiya arasında birləşdirici körpü olan bu layihə müxtəlif ölkələrdən yükləri cəlb etməyə imkan yaradır. 2017-2022-ci illərdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 1 milyon 347 min 585 ton, təkcə ötən il isə 432 min 284 ton yük daşınıb. Bakı-Tbilisi-Qars dəmir yolu sərnişinlərin daşınması üçün də mühüm strateji əhəmiyyətə malikdir və bu da turizmin inkişafına yeni nəfəs gətirəcək.
Xatırladım ki, BTQ Prezident İlham Əliyevin iştirakı ilə 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır”.
Azərbaycan, Gürcüstan və Türkiyənin birlikdə mühüm layihələr həyata keçirdiyini dilə gətirən Bəhruz Quliyev bildirib ki, buraya Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi layihələr daxildir: “Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə infrastruktur obyektlərinin yaradılması, multimodal logistika sistemlərinin təkmilləşdirilməsi etibarlı və təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti, respublikamızın ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı ölkəyə valyuta axınına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, turizmin inkişafına, ümumilikdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə səbəb olacaq”.
Əli TURABOV