Lavrovun fevralın sonunda Bakıya səfəri üzərində iş aparılır. Trend-in məlumatına görə, bunu bu gün həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
"Səfərə gəlincə, belə bir səfər üzərində iş gedir", - o, Lavrovun fevralın sonunda Bakıya mümkün səfəri ilə bağlı sualı cavablandırarkən deyib.
O, həmçinin bildirib ki, Ermənistan və Azərbaycan Rusiyanın sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər. M.Zaxarova əlavə edib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməyə hazırdır.
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı biz tərəfdaşlarımıza yardım göstərməkdə davam edirik. Bu günlərdə faydalı bir səfər baş tutdu. Sergey Lavrovun Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakı və İrəvana səfər edib. Həm Ermənistan, həm də Azərbaycan tərəfi ölkəmizin vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər. Sülh müqaviləsi mövzusunun həssaslığını nəzərə alaraq, məsləhətləşmələrin təfərrüatlarına varmayacağam. Mən Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu məsələ ilə bağlı növbəti görüşünə hazır olduğumuzu bir daha təsdiq edə bilərəm” - Zaxarova deyib.