Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı vurğuladı ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.
Tədbirdə digər çıxış edənlər Azərbaycanın ötən dövrdə, xüsusilə keçən il Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğuladılar, Azərbaycanla bu sahədə əməkdaşlığı yüksək qiymətləndirdilər və onun davamlı olacağına əminliklərini bildirdilər.
Aydın Quliyev: “Münhen konfransından Bakıya yönələn ümidlər səbəbsiz deyil”
Siyasi ekspert, “Bakı-Xəbər” Media Qrupunun baş redaktoru Aydın Quliyev bildirdi ki, Münhen konfransında bütün təhlükəsizlik tezislərinin Azərbaycanın enerji siyasəti üstündə qurulduğunu söyləsək səhv etmərik. "Baxın, Avropanın enerji təhlükəsizliyi və Cənubi Qafqazda təhlükəsizlik əsas panel mövzuları kimi gündəliyə çıxarılıb, son iki ildə hamı gördü ki, Avropanın enerji təhlükəsizliyinə Azərbaycandan artıq təminat verə bilən ikinci yeni mənbə yoxdur. Avropanın enerji təhlükəsizliyi üçün birinci Cənubi Qafqazda təhlükəsizlik təmin edilməlidir. Əks halda nə Azərbaycanın, nə də Mərkəzi Asiyanın enerji daşıyıcılarının Avropaya təminatlı nəqlinə nail olmaq olar. Demək, açar mövqedə məhz Azərbaycandır və onun Prezidentidir. Azərbaycan Prezidentinə 59-cu Münhen konfransında da böyük diqqət var. Samballı panel müzakirələrdə İlham Əliyevə məxsusi məruzələr ayrılması təsadüf deyil. Avropa getdikcə əmin olur ki, onun enerji təhlükəsizliyi daha çox Azərbaycanla bağlı olmağa başlayır. Onlar üçün çox önəmlidir ki, Azərbaycanın həm böyük ənənəvi və bərpa olunan enerji resursları var, həm də Azərbaycan Prezidenti etibarlı və çox məsuliyyətli tərəfdaşdır. Avropanın enerji təhlükəsizliyinin açarı Bakıdadır. Münhendəki müzakirələrdə iştirak və çıxış edənlər də Azərbaycanın töhfələrini yüksək qiymətləndirdilər və bu töhfələrin gələcəkdə də dinamik artımla davam edəcəyinə inandıqlarını bəyan etdilər. Münhen konfransından Bakıya yönələn ümidlər səbəbsiz deyil və Avropanın ümidlərini İlham Əliyevin şəxsində Bakıya bağlayan səbəblər var" – deyə A.Quliyev bildirib.
Tahir TAĞIYEV