Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin növbəti dəfə ifşa edilməsi məqsədilə hazırlanmış hesabatda bu ölkə tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi, onlardan Azərbaycana və xalqımıza qarşı etnik və mili nifrətin yayılması vasitəsi kimi istifadə edildiyinə dair ətraflı məlumat əks olunub. Sənəddə Ermənistanın post-münaqişə dövründə də uşaqların hərbi təlimlərə cəlb olunması, onlara nifrət və düşmənçiliyin aşılanması, Azərbaycanla yeni müharibəyə hazırlanması fəaliyyətini davam etdirdiyi diqqətə çatdırılır. Eyni zamanda, beynəlxalq cinayət əməllərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması və bu ölkə tərəfindən uşaqların qanunsuz olaraq silahlı qüvvələrə və silahlı qruplara cəlb olunması, onlardan istifadə olunması fəaliyyətinə son qoyulmasının təmin edilməsi üçün BMT və onun ixtisaslaşmış təsisatlarına, müvafiq mandat daşıyıcılarına müraciət olunub.
Ümumilikdə, sözügedən sənədin əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
“BMT səviyyəsində dünyaya məlum oldu ki, Ermənistan uşaqlardan belə terror məqsədilə istifadə edir”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, Ermənistanın müharibə cinayətləri təkcə ölkəmizə və xalqımıza qarşı törədilməyib: “Eyni zamanda, çoxvektorlı cinayətlər sırasında Ermənistanın yetkinlik yaşına çatmayan uşaqları silahlı qruplara cəlb etmək tendensiyaları da var. Əslində, bu, bizim Ermənistanın terrorçu dövlət olması barədə dediklərimizi təsdiq edir. Bu, əslində mənzərənin nə qədər real və gerçək olduğunu ortaya qoyur. Faktiki olaraq bu gün vəziyyət elədir ki, Ermənistan öz terror, bölücü, separatçı fəaliyyətinə uşaqları da cəlb etməklə əslində onlar üçün heç bir norma və prinsipin qalmadığını dünyaya göstərdi. BMT səviyyəsində dünyaya məlum oldu ki, Ermənistan uşaqlardan belə terror məqsədilə istifadə edir. O baxımdan, bu çox önəmli əhəmiyyət kəsb edən bir sənəddir. Təbii ki, Ermənistanın uşaqları terrora və müharibə cinayətlərinə cəlb etməsi ilə bağlı məsələnin bu gün BMT sənədi kimi yayılması, beynəlxalq kuluarlarda müzakirəyə çıxarılması, hesab edirəm, vacib əhəmiyyətə malikdir. Bu, əslində onu göstərir ki, Ermənistanın bugünə qədər həyata keçirdiyi bu tip cinayətlər, eyni zamanda uşaq hüquqlarını kobud şəkildə pozması, uşaqları etnik nifrət zəminində tərbiyə etməsi bu dövlətin terrorçu mahiyyətini ortaya qoyur. Reallıq budur ki, Ermənistan uşaqları Azərbaycana yönəlik aqressiya ruhunda kökləyir. Uşaqlardan terrorçu hazırlanması o deməkdir ki, erməni tərəfi üçün müqəddəs heç nə yoxdur. İstənilən halda, Ermənistanla bağlı beynəlxalq aləmdə bu tip hesabatların və sənədlərin yayılması bu ölkənin növbəti dəfə ifşa olunması deməkdir”.
Vidadi ORDAHALLI