Qondarma “Dağlıq Qarabağ Respublikasının təhlükəsizlik şurasının” keçmiş katibi Vitali Balasanyana qarşı cinayət işi başlanıb. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilir ki, cinayət işi V.Balasanyanın vəzifədə olduğu dövrdə qeydə alınan sui-istifadə halları ilə bağlıdır:
“Ola bilər ki, yaxın vaxtlarda bu iş hətta tribunal statusu da alsın. Hazırda daha bir neçə iş üzrə materiallar hazırlanır, onların əsasında yeni cinayət işləri başlana bilər”.
Vitali Balasanyan 1959-cu ildə Əsgəran rayonunda anadan olub. O, 1990-cı ildə Yerevan kooperativ ticarət texnikumunu, 2011-ci ildə isə Ermənistan Dövlət İqtisadiyyat Universitetini bitirib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlanan 1988-ci ildə V.Balasanyan Əsgərandakı özünümüdafiə hissələrindən birinə rəhbərlik edib.
2 il sonra isə özünümüdafiə qüvvələrinin komandiri seçilib. V.Balasanyan 1999-cu ilin sentyabrında 2005-ci ilə kimi tanınmamış “DQR müdafiə nazirinin müavini” olub. 2000-2005-ci illərdə o həm də “Artsax müharibəsi veteranları ittifaqı” ictimai təşkilatının sədri olub.
Bir müddət öncə Ermənistanın keçmiş müdafiə naziri, Birinci Qarabağ müharibəsinin əsas iştirakçılarından sayılan Seyran Ohanyana da cinayət işi açılıb. Fevralın 8-də isə Ermənistan parlamenti onun deputat toxunulmazlığını ləğv edib.
Qeyd edək ki, hər iki şəxs “Qarabağ klanı”nın odioz fiqurlarından sayılır. Onların indiki məqamda bu şəkildə sıxışdırılması nə ilə əlaqəlidir?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Nikol Paşinyan rəqiblərindən bir neçəsinin neytrallaşdırmaq qərarına gəlib: “Şərti adı “Qarabağ klanı” olan qruplaşmaya qarşı demarş başladılıb. Klanın lderləri Robert Köçəryan və Serj Sarkisyan Paşinyana ciddi rəqib deyillər, çünki erməni cəmiyyətində nüfuzları qalmayıb. Bu səbəbdən faktiki hər ikisi siyasətdən uzaqlaşıb. Paşinyanın Moskva ilə münasibətləri gərginləşib. Ancaq Kremlin hazırda Ermənistanda Paşinyanı devirmək üçün stavka edəcəyi fiqur yoxdur. Son günlər Ermənistan siyasi elitasında Paşinyan iqtidarı tərəfindən müxalifət nümayəndələrinə qarşı təqib kampaniyası həyata keçirilir.
Cinayət təqibinə məruz qalan şəxslər, şübhəsiz ki, müharibə cinayətkarlarıdır.
Son günlər Ermənistan rəsmilərinin verdiyi açıqlamalar, o cümlədən Rusiyaya, KTMT-yə ünvanlanmış ittihamlar Ermənistanın Moskvanın orbitindən uzaqlaşmağa çalışdığını sübut edir. Bu sıraya Avropa İttifaqının mülki missiyasının tərkibində Fransa Müdafiə Nazirliyinin təmsilçiləri olan jandarmeriya nümayəndələrinin də əlavə edilməsi artıq Ermənistanın başqa bir qütbün hərbi kontingentinin ölkə ərazisində yerləşdirilməsində maraqlı olduğunu sübuta yetirir. Barələrində cinayət işi qaldırılan hər iki şəxs Ermənistan hakimiyyəti üçün böyük bir problemdir. Çünki hakimiyyətdə olduqları zaman kifayət qədər cinayətlər törədiblər. Onların təhlükəlilik əmsalı hələ də qalır. Burada iki qütbün savaşı gedir. Hər iki şəxs hərbi cani olsa da, hazırda onlara qarşı açılan cinayət işləri siyasi motivlidir. Görünən budur ki, Paşinyan “Qarabağ klanı”nın bu simalarını müxalifətdən də sıxışdırmaq istəyir. Çünki onların ordu daxilində də ciddi dayaqıarı mövcuddir. Hakimiyyətə yeni gələn dönəmdə Köçəryanın qismində klanın “başını” əzdi. Onu zəiflədəndən sonra sərbəst buraxdı. Yeni situasiya Paşinyan üçün çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də hərbi caniləri zəfərsizləşdirir. Bununla həm də revanşistlərin gözünü qırlr ki, digərləri üçün nümunə olsun. Onun apardığı islahata mane ola bilməsinlər. Onlardan birinin uzun müddətli həbsə göndəriləcəyi də gözlənilir”.
Məhəmmədəli QƏRİBLİ