Azərbaycan gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcək. Bunu Prezident İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edərkən deyib.
Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə Qananın verdiyi dəstəyin və göstərdiyi etimadın ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Azərbaycanın təşkilatın sədri kimi peyvənd millətçiliyinə qarşı apardığı fəaliyyəti vurğulayıb və bu sahədə yaxşı nailiyyətlərin əldə olunduğunu deyib. Ölkə başçısı Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcəyini bildirib. Azərbaycan Prezidenti ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Bütün bu deyilənlərlə yanaşı, Azərbaycanın COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi etməsinin dünya üçün nə töhfəsi olacaq?
“Yoxsul ölkələrə bu yöndə daha çox yardım edilməsi dünyanın gündəmində olacaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı buna bir neçə prizmadan yanaşdı: “Əvvəla, Azərbaycan zaman-zaman bir sıra beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Hətta Ukrayna-Rusiya müharibəsindən əvvəl NATO-nun, ABŞ-ın baş komandanları Rusiya Baş Qərargahının sədri Gerasimovla bir neçə dəfə Bakıda görüşüblər. Yəni Bakı bir sıra tədbirlərin keçirilməsi üçün çox önəmli şəhərdir. Digər tərəfdən, pandemiya ilə mübarizədə Azərbaycanın çox böyük təcrübəsi var. İki il bundan əvvəl də dünya ölkələri bunu etiraf edirdilər. Azərbaycanda həyata keçirilən bir sıra sistemli xarakterli qabaqlayıcı tədbirlər bu baxımdan müsbət səmərə verdi. Pandemiyadan sonra bizim ölkə daha tez toparlana bildi. Hesab edirəm ki, Azərbaycanın əldə etdiyi təcrübə Sammitdə dünya ölkələrinin sonrakı inkişafına müsbət yön verəcək. Heç şübhəsiz, bu tədbir çərçivəsində Azərbaycanın uğurları öyrəniləcək. Yoxsul ölkələrə bu yöndə daha çox yardım edilməsi dünyanın gündəmində olacaq. Pandemiya dövründə Azərbaycanın peyvənd millətçiliyinə qarşı apardığı fəaliyyət dünyada ciddi marağa səbəb oldu. Pandemiya vaxtı nəinki öz əhalisini qorudu, digər ölkələrə də kömək etdi. Ona görə də bu, yeni bir mərhələ açacaq. Başqa bir tərəfdən, Bakıda məlum tədbirin keçirilməsi dünyada Azərbaycanın nüfuzunu daha da artıracaq”.
Bir sözlə, professor bütün bunların müsbət effekt verəcəyi qənaətindədir.
Vidadi ORDAHALLI