Məlum olduğu kimi, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin erməniləri Avropa institutlarından uzaq durmağa çağırıb. O qeyd edib ki, Avropa strukturlarını bölgəyə gətirməkdənsə, əldə olunan razılaşmaları icra etmək lazımdır.
Bu arada Volodindən sonra KTMT də Ermənistana xəbərdarlıq edib. KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib ki, hərbi təhlükəsizliyə çağırış və təhdidlərin əsas mənbəyi bəzi Qərb elitalarıdır. Onlar təşkilat ətrafında və onun ayrı-ayrı üzv dövlətləri daxilində vəziyyəti pozmaq üçün dağıdıcı fəaliyyətlə məşğuldurlar: “KTMT-nin məsuliyyət zonasında vəziyyət mürəkkəb və gərgin olaraq səciyyələnir. Bunun fonunda ayrı-ayrı dövlətlər Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin sərvətlərinə çıxış əldə etmək və Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını nəzərə alaraq Mərkəzi Asiyaya birbaşa çıxış əldə etmək istəyirlər. Bu cəhdlər KTMT-nin Qafqaz regionunda böhranın eskalasiyasına öz töhfəsini verir”.
Görünən odur ki, Ermənistan Rusiyanı daha da qəzəbləndirmək üçün bütün vasitələri işə salır.
“Fransa regiona daxil olmaq və daha sonra Orta Asiyanın zəngin resurslarına yiyələnmək istəyir”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, bütün bunlar kifayət qədər ciddi məqamlardır: “Düzdür, Ermənistanın Qərbi hərbi baxımdan regiona gətirmək cəhdləri yeni deyil. Məsələ ondadır ki, 2021-ci ilin ortalarından Ermənistan təmsil olunduğu KTMT-ni şantaj etməklə məşğuldur. Arqumentləri budur ki, guya Azərbaycan 2021-ci ilin mayında Ermənistan ərazisinə daxil olub, bir neçə kilometr ərazini ələ keçirib. Ancaq buna KTMT reaksiya verməyib. Dəfələrlə cəhd etdilər ki, KTMT qüvvələrini sərhədə gətirsin, amma qurum bundan imtina etdi. O zamandan Ermənistan hakimiyyəti Rusiyanı şantaj edir. Yəni bunu KTMT etmirsə, o zaman Avropa qurumlarını bölgəyə dəvət edərik. Artıq Ermənistan bu yöndə praktiki addımlar atır. Ötən ilin payızından Avropa İttifaqı missiyası sərhəddə fəaliyyət göstərir. Əvvəl bu missiya 2 ay fəaliyyət göstərdisə, artıq bu ilin yanvarından 2 il sərhəddə olacaq. Üstəlik, Fransa jandarmalarını da Ermənistana göndərir. Rusiyaya bəllidir ki, Aİ missiyasının çətiri altında gələnlər Ermənistanda kəşfiyyat fəaliyyəti ilə məşğul olacaqlar. Məqsəd Rusiyanı ilk növbədə Cənubi Qafqazdan, daha sonra Orta Asiyadan sıxışdırıb çıxarmaqdır. Strateji hədəf bundan ibarətdir. Bu zaman Qərb çalışacaq ki, regionda qarşıdurma yaransın. Söhbət konkret Fransanın Aİ missiyası adı altında məkrli planlarından gedir. Biz nəzərə almalıyıq ki, Fransa regiona daxil olmaq və daha sonra Orta Asiyanın zəngin resurslarına yiyələnmək istəyir. Parisdə belə hesab edirlər ki, getdikcə Ukrayna müharibəsi Rusiyanı taqətdən salacaq. Bu da öz növbəsində Fransaya öz planlarını həyata keçirməyə şərait yaradacaq. Rusiya bütün bunların fərqində olduğu üçün yavaş-yavaş Ermənistana təzyiqləri artırır. Rusiyanın müxtəlif rəsmi şəxslərinin bu yöndə açıqlamaları onu deməyə əsas verir ki, Kreml Avroittifaqın Ermənistandan alət kimi istifadə etməsinə sona qədər dözməyəcək. Bəlli bir mərhələdən sonra daha sərt addımlar atılacaq. O zaman Ermənistanı heç bir qüvvə, o cümlədən Fransa xilas edə bilməyəcək”.
Vidadi ORDAHALLI