ABŞ Rusiya və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində terror aktları planlaşdırır. Belə bir iddia ilə Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) çıxış edib.
Rusiya iddia edir ki, ABŞ bu məqsədlə Yaxın Şərqdə İŞİD və Əl-Qaidə ilə əlaqəli yaraqlılar toplayır:
"Etibarlı mənbələrdən əldə edilən məlumatlara görə, ABŞ əsgərləri Rusiya və MDB ölkələrində terror aktları törətmək üçün İŞİD və Əl-Qaidə ilə əlaqəli cihadçı qruplardan yaraqlıları fəal şəkildə cəlb edirlər. Bunun üçün yanvar ayında Yaxın Şərqdəki münaqişələrdə təcrübəsi olan 60 terrorçu seçilib”.
Açıqlamada bu yaraqlıların ABŞ-ın Suriyadakı Tanif bazasında təlim keçdiyi və ən qısa zamanda kiçik qruplar halında Rusiya və MDB ölkələrinə göndərilməsinin planlaşdırıldığı iddia edilib.
Rusiyanın rəsmi qurumu tərəfindən ortaya qoyulan bu iddianı nə dərəcədə əsaslı saymaq olar? ABŞ-ın Azərbaycanda terror həyata keçirmək kimi marağı ola bilərmi?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son proseslərdə, xüsusilə də İranla münasibətlərin gərginləşməsi fonunda Ermənistan-İran münasibətlərində daha da yaxınlaşma hiss etdik: “Xüsusilə də son zamanlar Azərbaycanda bəzi ölkələrin kəşfiyyatına bağlı olan şəbəkə üzvlərinin həbs edilməsi ilə əlaqadar bizə qarşı hansısa terror hərəkətlərinin həyata keçirilə biləcəyi ehtimalı yüksək idi. Hətta İrandakı səfirliyimizdə terror törədilməzdən də yazmışdıq ki, istər xarici ölkədəki diplomatik nümayəndəliklərimizdə, istərsə də ölkəmizin daxilində belə addımların atıla biləcəyi təhlükəsi mövcuddur. Ölkənin daxilində istənilən ölkələrə bağlı olan şəbəkələrin fəaliyyətində bir sinxronluq var. Həm də eyni dərəcədə aktivlik müşahidə edilir. Bundan əvvəl də biz analoji canlanmaları müşahidə etdikdə, hansısa ciddi proseslərə şahidlik etmişik. Rusiya kəşfiyyatının bu haqda məlumat verməsi bir qədər iz azdırıcı manevr kimi görsənir. Çünki MDB ölkələrində gərginliyin olması daha çox Rusiyanın öz maraqlarına cavab verir. Əgər bu məlumatı rəsmi kəşfiyyat qurumu verirsə, demək ki, hansısa məlumatlar əldə olunub. İrəlidəki zamanda olduqca dəqiq olmaq lazımdır. Bəlli şəbəkələrin fəaliyyətinə olan nəzarət bir az da güclənməlidir. Xüsusilə də insanların sıx olduğu yerlərdə profilaktik tədbirlər aparılmalıdır. Söhbət məhz ABŞ-ın bunda maraqlı olmasından getmir. Ola bilər ki, terrorda maraqlı olan ölkənin adı məqsədli şəkildə ABŞ-la əvəz olunur. Bizim ayıqlığımız həm də bölgədə ciddi proseslər getdiyi üçün zəruridir ki, onları öz xeyrimizə dəyişə bilək. Qarşıda bizi sülh müqaviləsi, Laçın yolu, Zəngəzur dəhlizinin həlli ilə bağlı mərhələ gözləyir”.
Təbii ki, bütün əməliyyat şəraitinə nəzarət olunur. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Xəbərdarlıq etmək çox mühüm məsələdir. Biz bu proseslərə hazırıq. 30 il Ermənistanla müharibə şəraitində yaşadıq. Müharibə apardıq. Belə tədbirlər ən çox maarifləndirmə istiqamətində aparılır. Düşünürəm ki, Azərbaycan vətəndaşı daim ayıq-sayıq olmalıdır. Unutmaq olmaz ki, hər an düşmənlə üz-üzə gəlinə bilər. Ona görə də vətəndaşlarımız hüquq-mühafizə orqanları ilə hər zaman əlbir, təmasda olmalıdırlar.
Qeyd edək ki, bu məsələdə ictimaiyyətin də üzərinə çox böyük məsuliyyət düşür. Cəmiyyət təhlükəli hesab edilən, şübhəli olan məqamlarla bağlı operativ şəkildə aidiyyəti qurumları məlumatlandırmalıdır.
Məhəmmədəli QƏRİBLİ