Bildiyimiz kimi, qardaş Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Ermənistan-Türkiyə sərhədi müvəqqəti olaraq humanitar məqsədlər üçün açılıb. Çoxdan bəridir Türkiyə ilə sərhəddi açmaq xülyasında olan Ermənistan rəsmiləri humanitar dəhliz açıldıqdan sonra ümidləniblər.
Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə “Ermənistan istənilən vaxt sərhədləri açmağa və münasibətləri normallaşdırmağa hazırdır” deyə bildirib. O iddia edib ki, müqavilə var idi, onlardan biri də Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılması idi: “Erməni və Türkiyə tərəfləri danışıqlar aparır və biz bu istiqamətdə işi davam etdirəcəyik, ümid edirik ki, bu tezliklə baş verəcək”.
Ekspertlər Qriqoryanın bu açıqlamasını növbəti riyakarlıq sayırlar. Hesab edirlər ki, Ermənistan Türkiyənin bu vəziyyətindən sui-istifadə edib öz çirkin arzularını gerçəkləşdirmək istəyirlər və bu səbəbdən də xülyalara qapılırlar.
“İndiki halda Azərbaycan-Ermənistan münasibətlərində tam bir nəticə hasil olmadığına görə, geniş rakursda sərhəddlərin daimi açılmağından söhbət gedə bilməz”
Məsələyə şərh verən politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, əlbəttə, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır: “Bununla bağlı Türkiyə nümayəndə də təyin edib, görüşlər də keçirilib. Bütövlükdə, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasına rəsmi Ankara heç zaman əngəl olmayıb. Lakin bir daha qeyd etmək lazımdır ki, Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması bu ölkənin Azərbaycanla tutacağı mövqedən asılıdır. Azərbaycan da dəfələrlə vurğulayıb ki, regionda bundan sonra sülhün, sabitliyin olması üçün Ermənistanla sülhə hazırdır. Hazırda, Türkiyə-Ermənistan sərhədi humanitar mqəsədlərlə müvəqqəti olaraq açılıb. Əlbəttə, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması fonunda sərhədlərin tam olaraq işlək vəziyyətə keçməsi mümkündür. Amma dediyim kimi, hamısı Ermənistanın Azərbaycanla münasibətlərdə atacağı addımdan asılıdır”.
T.İsmayılovun fikrincə, əgər Azərbaycanla münasibətlər sabotaj edilməsə, sülhlə bağlı irəliyə böyük addımlar atılsa, nəinki Ermənistan-Türkiyə sərhədi tam açıq qalacaq, eyni zamanda Ermənistan Türkiyə və Azərbaycanın aparıcılıq etdiyi və əsas rol oynadığı regional iqtisadi-siyasi və kommunikasiya layihələrində iştirak edə biləcək ki, bu da Ermənistanı düşdüyü bataqlıqdan və çətinliklərdən, ağır iqtisadi vəziyyətdən xilas edə bilər.
“Amma indiki halda Azərbaycan-Ermənistan münasibətlərində tam bir nəticə hasil olmadığına görə, geniş rakursda sərhədlərin daimi açılmağından söhbət gedə bilməz. Bu, indiki çətin vəziyyətdə Türkiyəyə humanitar yardımlar edən ölkələr fonunda Ermənistanın etdiyi “yardımı” özünün piarına çevirmək vasitəsidir. Ermənistandakı siyasi sistemin nə qədər idbar olduğunu növbəti dəfə nümayiş etdirir”-deyə T.İsmayılov qeyd etdi.
İradə SARIYEVA