Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən Azərbaycanla İtaliya arasında əlaqələrin genişlənməsinə toxundu.
Ölkə başçısı qeyd etdi ki, cəmi bir ay ərzində İtaliyanın yeni hökumətinin 3 naziri Azərbaycanda səfərdə olub. Azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyanı təmsil edirlər: “İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və “Made in Italy” naziri. Cəmi bir ay ərzində, - yəni, birinci səfər yanvarın 11-də olmuşdur, - yeni hökumətin 3 naziri Azərbaycanda səfərdə olub”.
Nəzərə alsaq ki, İtaliya Avropa İttifaqında iqtisadi gücünə görə üçüncü ölkədir, o zaman bu dövlətlə genişlənən çoxşaxəli əlaqələr Azərbaycan üçün nə deməkdir? İtaliyanın ölkəmizə xüsusi önəm verməsinin səbəbləri nə ilə bağlıdır?
“Belə bir ölkə ilə genişlənən çoxşaxəli əlaqələr Avropa İttifaqında Azərbaycanın güclü strateji tərəfdaşı olması anlamına gəlir”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Aydın Hüseynovun fikrincə, bir sıra faktorlar İtaliyanın Azərbaycana xüsusi önəm verməsinə təkan verir: “Əvvəla, bu təkcə Azərbaycanın zəngin enerji resursları ilə bağlı deyil. Düzdür, Azərbaycan İtaliyaya neft-qaz ixrac edir və qarşıdakı illərdə bu daha da artacaq. Ancaq məsələ ondadır ki, İtaliya Azərbaycanın etibarlı strateji tərəfdaş olmağına xüsusi önəm verir. Bunu şərtləndirən faktor odur ki, Azərbaycan istənilən layihədə üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Ölkəmiz çox önəmli nəqliyyat və enerji qovşaqlarının kəsişdiyi məkanda yerləşir. Üstəlik, ölkəmizin digər sahələrinə sərmayə qoyuluşu İtaliya şirkətləri üçün cəlbedici görünür. Bütün bunlar iki ölkə əlaqələrinin daha da intensivləşəcəyindən, ticarət dövriyəsinin bir qədər də artacağından xəbər verir. İtaliya TANAP və TAP layihəsinə dəstək verən əsas Avropa İttifaqı ölkəsi olub. Azərbaycanla İtaliya arasında ticarət dövriyəsi 7 milyard dollara yaxındır. Həmçinin, İtaliya şirkətləri neft-qaz sektoruna böyük həcmdə sərmayələr qoyublar, işğaldan azad olunan rayonlarda bir sıra layihələr həyata keçirirlər. Mingəçevirdə tikiləcək yeni İstilik Elektrik Stansiyasının tikintisində İtaliya şirkətləri iştirak edəcək. İtaliya sıradan bir Avropa ölkəsi deyil. İtaliya çox böyük iqtisadi gücə malikdir və Böyük 8-lərdə təmsil olunan ölkələrdən biridir. Belə bir ölkə ilə genişlənən çoxşaxəli əlaqələr Avropa İttifaqında Azərbaycanın güclü strateji tərəfdaşı olması anlamına gəlir. Bütün bunlar onu deməyə əsas verir ki, İtaliya ilə Azərbaycan arasında olan münasibətlər getdikcə daha da genişlənir. Bu isə Azərbaycan iqtisadiyyatı üçün müstəsna əhəmiyyət kəsb edir”.
Vidadi ORDAHALLI