Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana cinayət işi açılıb. Bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib.
Məlumata görə, parlamentdə baş prokurorun iştirakı ilə Seyran Ohanyana qarşı cinayət işinin başlanması məsələsi dövlət sirri xarakterli sayıldığı üçün qapalı şəraitdə müzakirə olunur.
A.Vardapetyan deyib ki, Seyran Ohanyan 2005 və 2009-cu illərdə Ararat vilayətində hərbi hissənin ərazisinin qanunsuz satılması ilə bağlı iki dəfə əmr verib. Torpağın bir hissəsi 3-cü ordu korpusunun keçmiş komandanı Qriqori Xaçaturova satılaraq Edqar Arşakyanın adına qeydiyyata alınıb. İkinci hissə isə 2009-cu ildə Norayru Karapetyana satılıb.
Təbii ki, cinayət işinin başlanması ilə bsğlı əsl səbəb bu ola bilməz. Belə fakt olubsa, niyə indiyə kimi Ohanyana cinayət iş açılmayıb? Bu, Rusiyaya bağlı qüvvələrin “vurulması” kontekstində dəyərləndirilə bilərmi?
Qeyd edək ki, bu adam həm də “Qarabağ klanı”nın əsas fiqurlarından sayılır.
Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda keçmiş Qarabağ klanı ilə indiki hakimiyyət arasında açıq mübarizə gedir: “Keçmiş və şərti olaraq “Qarabağ klanı” adlandırdığımız revanşist qüvvələr qisas alıb hakimiyyəti yenidən ələ almaq istəyir. Ona görə də Paşinyan hakimiyyətinə qarşı bütün proyektlərdə iştirak edir. İstər müxalifətin mitinqləri, istər İrəvandakı Paşinyana qarşı mübarizə olsun, hər bir halda mübarizələrini aparırlar. Nəzərə almaq lazımdır ki, “Qarabağ klanı” birbaşa Rusiyaya bağlıdır. O vaxt Köçəryan birbaşa Rusiyanın iştirakı ilə hakimiyyətə gətirilib. Rusiyanın regional siyasətində də bu klanın imkanlarından yararlanaraq iştirak edib. Məhz Qarabağda olan separatçı ermənilərin İrəvana tabe olmaması, ümumiyyətlə Paşinyan hakimiyyətini qəbul etməməsi də bununla bağlıdır. Eyni zamanda, Vardanyana rəqib olması gözləndiyi halda, Qarabağdakı Arutunyan, Balasanyan qruplarına dəstək verməsi onu deməyə əsaa verir ki, onlar birbaşa Rusiyadan göstəriş alırlar. Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən etibarən bu klanlara qarşı mübarizə aparmağa başlayıb və bununla öz təhlükəsizliyini təmin etməyə çalışır. Biz vaxtaşırı olaraq Ermənistanın daxili işlər, təhlükəsizlik nazirlərinin ya həbsi, və ya barələrində cinayət işi qaldırılmasına şahid oluruq. Vaxtaşırı onların dəyişdirildiyinin, həlak olduğunu görürük. Bu da onunla bağlıdır ki, Paşinyan tez - tez öz təhlükəsizlik strategiyasını dəyişir və əgər hansısa şəkildə güc struktur nümayəndələrinin əvvəlki “Qarabağ klanı” ilə, keçmiş hakimiyyət nümayəndələri ilə əlaqələri olursa, maksimum onları uzaqlaşdırmağa çalışır. Bəzən orda həbslər, müəmmalı şəkildə qətllər də baş verir. Bilinən faktdır ki, Paşinyan tam idarəni ələ alıb. Çünki ona qarşı istər müxalifət mitinqləri, istər Paşinyanı satqınlıqda ittiham edən mətbuat xəbərlərindən sonra küçələrə çıxan əhalinin sayından bəlli olur ki, “Qarabağ klanı” lazımı sayı yığa bilmir. Paşinyana görə meydana çıxa biləcək elektoratı tapa bilmirlər. Ona görə də Qarabağdakı əlavə resurslardan istifadə edə biləcəkləri ehtimal olunur. Bunun qarşısını almaq üçün Paşinyan açıq şəkildə Qarabağdan Ermənistana gedən yolu bağlayıb. Biz müşahidə etmişik ki, hətta orda olan vəzifəlilər Qarabağa gedib-gəldikləri halda Ermənistanda həbs olunurlar. Nəzərə alsaq ki, Paşinyanın özü Qərbpərəstdir, planlarında da Rusiyanı bölgədən çıxarmaq və Qərbə, Avropaya inteqrasiya etmək var, o zaman bir daha aydın olur ki, burda da Paşinyanla köhnə klan təmsilçilərinin mövqeləri toqquşur. Bu həbsləri də hakimiyyət uğrunda mübarizənin bir epizodu kimi başa düşmək olar. Yəqin ki, bu şəxslər ya Ermənistanın Qərbə inteqrasiyasının qarşısını almaq üçün işləri sabotaj ediblər, ya da Paşinyan hakimiyyətinə qarşı həm “Qarabağ klanı” , həm də Rusiya ilə iş birliyində olublar. Yaxud da Paşinyan hansısa şəkildə gözdağı vermək üçün bu qüvvələri məcbur edir ki, onlar indiki hakimiyyətlə hesablaşsınlar. İstənilən halda görünən mənzərə odur ki, artıq Paşinyan hakimiyyəti ilə “Qarabağ klanı” arasında iplər tamamilə qopub. Hətta son bir neçə ayda Paşinyan hakimiyyətinin verdiyi açıqlamalar açıq şəkildə Vardanyan, bəzən isə Artunyanın simasında Qarabağdakı separatçıları hədəf alır. Hətta bəzən onların Laçın yolu ilə bağlı iddialarının Ermənistan tərəfindən təkzib olunması bir daha sübut edir ki, aralarında ciddi ziddiyyət var”.
Məhəmmədəli QƏRİBLİ