İranın Ermənistanla birgə Laçın və Qubadlı istiqamətində hücum planlaşdırdığı barədə yayılan məlumatların fonunda 3 məqam diqqəti cəlb edir.
Məsələ ondadır ki, bundan əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Xorvatiyanın baş diplomatı ilə görüş zamanı “bölgədə yeni eskalasiyanın yaranacağı gözlənilir” dedi. Daha sonra İranın Ermənistandakı səfiri Abbas Badaxşan Zöhuri İrəvanda dolayı olaraq Azərbaycanı təhdid etdi. Dedi ki, dəhlizə imkan vermərik. Ondan sonra Avropa parlamentinin deputatı, fransalı siyasətçi Bellamin düz Laçın yolunun başlanğıcına gəlib bunları dedi: “Avropa nəhayət hərəkətə keçməlidir. Çünki bizim ölkələrimizin təhlükəsizliyi də təhdid altındadır”.
Bütün bunların sinxron bir ardıcıllıqla baş verməsi nə deməkdir? Bu təsadüfdürmü?
“Hesab edirəm ki, sonda itirən tərəf Ermənistan olacaq”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bütün bunlar bu və ya digər dərəcədə bir-biri ilə bağlıdır: “Dünyada geosiyasi qarşıdurma artdıqca, Ermənistan bundan maksimum faydalanmağa və danışıqlarda daha da pozucu mövqedən çıxış etməyə çalışır. Yeni oyunçular meydana çıxdıqca, Ermənistan hakimiyyəti daha da həyasız mövqe ortaya qoyur. Xüsusən də İranın Zəngəzurla bağlı sərgilədiyi provokasion mövqe və Avropa İttifaqının sərhədə monitorinq missiyası göndərməsi Paşinyan hakimiyyətində sanki arxayınlıq yaradıb. Bütün bunların fonunda, Laçın yolu ətrafında yaradılan təbliğat şousu bir növ Ermənistanın öz öhdəliklərini yerinə yetirmək məsələsini arxa plana keçirib. Çox güman ki, İranla Fransa bu məsələdə birgə hərəkət etməklə bağlı gizli anlaşıblar. Çünki bundan əvvəl İran ən yüksək səviyyədə bəyan edirdi ki, bölgənin problemlərini region ölkələri həll etməlidir. Belə olan halda sual yaranır, Aİ missiyanın regiona nə dəxli? Necə olur ki, İran bunu sakitliklə qarşılayır? Prinsipcə, İran Aİ-nin hərbi baxımdan sərhəddə olmasına qarşı olmalıdır. Ancaq biz bunun tam əksini görürük. Deməli, İran maraqlı deyil ki, regionda böyük nəqliyyat layihələri həyata keçsin. Cənubi Qafqaz ölkələrinin Şərq-Qərb dəhlizinin reallaşmasında rolu artsın. Bütün bunları əngəlləmək üçün süni bəhanələrlə çıxış etmək və yeri gəldi-gəlmədi sərt ritorikadan istifadə etmək gərəkir. İran da məhz bu mövqedən çıxış edir. Fransa da Ermənistan və İranla ortaq hərəkət edərək pozucu siyasət yeridir. Baxmayaraq ki, sözügedən layihələrin həyata keçirilməsinin yubanması Fransanın da təmsil olunduğu Avroittifaqın strateji maraqlarına zərər vurur. İranın aşırı destruktiv mövqedən çıxış etməsi həm də ölkədaxili məsələlərlə bağlıdır. Çünki bununla Tehran rejimi ictimai diqqəti daxili sosial-iqtisadi problemlərdən yayındırır. Ona görə də bütün bu siyasi oyunlara kompleks yanaşmaq lazımdır. Ancaq hesab edirəm ki, sonda itirən tərəf Ermənistan olacaq”.
Vidadi ORDAHALLI