Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına geniş müsahibə verib. Müsahibədə səfir iki ölkə münasibətlərindən tutmuş bir sıra məsələlərə toxunub.
Müsahibəsində Qarabağ məsələsinə də toxunan S.Kopırkin Laçın yolu ilə bağlı ikibaşlı danışıb və ziddiyətli mövqedən çıxış edib: “Rusiya rəhbərliyinin ilkin olaraq rəsmi şəkildə bəyan etdiyi problemin həllini təmin edəcək həll yolu axtarışı gedir, deməli, Laçın dəhlizi tamamilə açıq olmalıdır. Hazırda vəziyyətlə bağlı olan bütün tərəflərlə iş gedir. Eyni zamanda kontingent ona həvalə edilmiş funksiyaları yerinə yetirməkdə davam edir. Problem bir sıra məsələlərlə, o cümlədən üçtərəfli bəyanatlarda (Ermənistan, Rusiya və Azərbaycan liderlərinin) imzalanan bütün razılaşmaların tərəflər tərəfindən yerinə yetirilməsi ilə bağlıdır”.
Məgər bəlli deyil ki, üçtərəfli razılaşmada kim öhdəliklərini yerinə yetirmir? Səfir Kopırkin isə Azərbaycanı da buna şərik edir.
“Azərbaycan Laçın yolu vasitəsilə Qarbabağ ermənilərinə bu şəraiti yaratdığı halda, Ermənistan Naxçıvanla bağlı öhdəliyini həyata keçirmir”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Rusiyanın belə yanaşması uzun illərdir “parçala, hökmranlıq et” siyasətinin tərkib hissəsudir: “Tarixən belə olub və Rusiyanın siyasətində dəyişən bir şey yoxdur. 1988-ci ildə erməni separatizmi baş qaldırandan sonra da Moskva indiki kimi davranırdı. Moskva həm Bakıya, həm də İrəvana yüksək səviyyəli rəsmilərini göndərirdi. Bakıya gələn Azərbaycanın mənafeyindən danışırdı, İrəvana gedən Ermənistanın mövqeyindən çıxış edirdi. Nəticədə həm Ermənistandan soydaşlarımızın öz dədə-baba torpaqlarından qovulması dahada sürətləndi, həm də Qarabağda separatçıların silahlı hücumları genişləndi. Ondan sonra baş verənlər və millətimizin başına gələn müsibətlər hamıya məlumdur. İndi də formaca fərqli, məzmynca oxşar münasibətdir. Əsas fərq ondan ibarətdir ki, Azərbaycan 30 əvvəlki zəif dövlət deyil. Daha güclü dövlətdir və diqtə edən tərəfdir. Üçtərəfli razılaşmanın bəndlərindən biri odur ki, Ermənistan öz silahlı birləşmələrini Qarabağdan çıxarmalıdır. Ermənistan rəsmiləri ötən ilin sentyabrınadək bunun icra olunacağını vəd edirdilər, amma indiyədək bu icra olunmayıb. 10 noyavr Bəyanatında deyilir ki, Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməlidir. Azərbaycan Laçın yolu vasitəsilə Qarbabağ ermənilərinə bu şəraiti yaratdığı halda, Ermənistan Naxçıvanla bağlı öhtəliyini həyata keçirmir. Məgər, səfir Kopırkin bunları bilmir? Hamıdan yaxşı bilir. Sadəcə, Rusiya hər iki tərəfi təzyiq altında saxlamaq üçün bundan bir alət kimi istifadə edir. Diqqətlə fikir versək görərik ki, Kreml Qarabağ separatçılarından nəinki Azərbaycana qarşı, Ermənistana qarşı da bir təzyiq vasitəsi kimi istifadə edir. Separatçılar əsasən Moskvadan gələn təlimatları yerinə yetirir. Bütün bu oyunlar ona hesablanıb ki, sülhməramlı adı altında Rusiya Qarabağda daha çox var olsun. Çünki erməni separatizminə birdəfəlik son qoyulsa, o zaman sülhməramlılara ehtiyac qalmayacaq. Ona görə də Rusiya hər dəfə bir şey uydurur”.
Vidadi ORDAHALLI