Rusiya-Ermənistan münasibətlərinin pisləşməsinə dair daha bir göstərici. Bu dəfə Ermənistan Rusiyaya ən yaxın dost ölkə üçlüyünə düşməyib.
“Kommersant” qəzeti “Kim bizim düşmənimiz və dostumuz deyil” məqaləsində yazır ki, Moskva Rabitələrin İnkişafı üzrə Milli Tədqiqat İnstitutunun (NIIRK) qonşu ölkələrin rabitə rejimlərinin mehribanlıq reytinqini açıqlayıb. Reytinqə əsasən, Rusiya 14 qonşu ölkədən ən azı 8-i ilə yaxşı münasibət saxlayır. Təkcə siyasi komponent yox, həm də əhalinin Rusiyaya ümumi münasibəti nəzərə alınıb. Yerli və xarici ekspertlər hərəkət azadlığı, rus dilinə münasibət, iqtisadi əlaqələr, elmi və mədəni kommunikasiyalar, BMT-də səsvermə və s. kimi ümumilikdə 68 göstəricini təhlil ediblər. Tədqiqatlar 14 ölkədə aparılıb, onlardan səkkizi dost ölkə kimi tanınıb. Dördü isə açıq düşmən kateqoriyasına düşüb: Estoniya, Latviya, Litva və Ukrayna. Amma Ermənistan “dəyişən rejimlər” qrupuna düşüb. Ekspertlər xəbərdarlıq edir ki, orada Rusiya ilə münasibətlərin tarixinə yenidən baxılmağa başlayır və kommunikasiyaların inkişafı şərtləri pisə doğru dəyişəcək.
“Bu o deməkdir ki, ölkədə hakimiyyət dəyişikliyindən sonra Rusiyadan uzaqlaşma xəttinə üstünlük verilir”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, Ermənistanla bağlı gözləntilərin özünü doğrultmayacağı gözlənilən idi: “Əvvəla, Ermənistan hər zaman oynaq mövqedən çıxış edib. Situasiyadan asılı olaraq güclünün yanında yer almağa çalışıblar. Baxmayaraq ki, Ermənistan Rusiya ilə birlikdə eyni iqtisadi və hərbi ittifaqlarda təmsil olunur. Ancaq son illər Rusiyada Ermənistana olan inam xeyli sarsılıb. İki ölkənin strateji müttəfiqliyi getdikcə daha çox formal təsir bağışlayır. Bunun da ciddi əsasları var. Ermənistanın “dəyişən rejimlər” qrupuna aid edilməsi o deməkdir ki, ölkədə hakimiyyət dəyişikliyindən sonra Rusiyadan uzaqlaşma xəttinə üstünlük verilir. Məsələ ondadır ki, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndən sonra Rusiyaya yönəlik ziddiyətli siyasət sərgiləyir. Bir tərəfdən Rusiya ilə eyni təşkilatlarda təmsil olunur, o biri tərəfdən ölkədə anti-rus istterikası getdikcə güclənir. Xüsusən də mediada buna xüsusi yön verilir. Ermənistan sözdə, imzalanan sənədlərdə Rusiya ilə müttəfiq olduğunu bəyan edir, əməldə tamam başqa addımlar atır. Nəzərə alsaq ki, Ermənistanda Rusiyaya qarşı fəaliyyət sistematik xarakter daşıyır, o zaman bunun nə demək olduğu daha aydın şəkildə özünü göstərir. Ermənistanda Rusiyaya qarşı formalaşdırılan etimadsızlıq mühiti ortadadır. Rusiyanın Ermənistandakı səfirliyi, hərbi bazaları qarşısında etiraz aksiyaları təşkil olunur. Rusiyanın mövqeyi nəzərə alınmadan, KTMT-yə etimad göstərilmədən sərhəddə Avropa İttifaqının missiyası dəvət edilir. Baxmayaraq ki, rəsmi Moskva buna açıq tənqidi mövqedən yanaşır. Bütün bunlardan sonra, əlbəttə ki, Ermənistan Rusiyaya dost olan ölkələr siyahısında yer ala bilməz”.
Bir sözlə, Vüqar Rəhimzadə hesab edir ki, Rusiyada Ermənistana olan inam sarsılıb.
Vidadi ORDAHALLI