Azərbaycanda ucuz, hər kəs üçün əlçatan narkotik vasitələrin yayılması narahatlıq doğurur. Bu gün gənclər arasında “şüşə”, yaxud “patı” deyilən maddənin istifadəsi artıb. Biz bu məsələdə dövlət strukturlarını qınamaq istəməzdik, çünki onlar əllərindən gələni edirlər, lakin məsələ köklü həll edilmir.
Sirr deyil, bu zəhər Azərbaycana ən çox İrandan gəlir. Biz hər dəfə cinayətkarları tuturuq, məsuliyyətə cəlb edirik, sonra ekstradisiya olunur, ordan da açıb buraxırlar azadlığa. Bax bu qədər cinayətkar, necə olur öz sərhədini rahat keçə bilir? Bütün bunlar deməyə əsas verir ki, bu problemi elə özümüz həll edə bilərik, kimdənsə kömək gözləməyə dəyməz. Son günlər ərzində Azərbaycan polisinin İrandan narkotik gətirən bir neçə şəxsi həbs etdiyinin, külli miqdarda narkotik maddənin müsadirə edilərək götürüldüyünün şahidi olduq. Azərbaycanın əlaqədar qurumlarının gördüyü bu tədbirlər İranın ölkəmizə yönəlik qəsd planının qarşısının alınmasında nə kimi rol oynayır?
Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran bizə qarşı daha bir məkrli siyasətini narkotiklərin yayılması vasitəsilə həyata keçirir: “Onlar hesab edir ki, bu yolla da ölkəmizin genefonduna ciddi zərbə vura bilərlər. Son 30 il ərzində bizim işğal altında olan ərazilərimizdə İran Ermənistanla birlikdə mütəşəkkil cinayətkarlığın bütün növləri ilə məşğul olub. Bunlardan biri də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub. İran daima bu yolla əldə edilən pullardan terrorun maliyyələşməsi üçün istifadə edib. Hazırda bunların hamısı çılpaqlığı ilə üzə çıxır. Düşünürəm ki, bizim hüquq-mühafizə orqanları öz işlərinə peşəkarlıqla yanaşır. Bütün bunlar İranın məkirli siyasətinin qarşısının alınmasında çox böyük rol oynayır. Görülən tədbirlər nəticəsində məlum olur ki, İran daha iri həcmdə narkotiklərin ölkəmizə keçirilməsində maraqlıdır. Bunun üçün sudan, qurudan, havadan istifadə edir.
Bizim hüquq-mühafizə orqanlarının sayıqlığı, öz işlərinə peşəkarlıqla yanaşması belə təsirlərin qarşısının alınmasında böyük rol oynayır. Burada görünməyən siyasi konturlar da var. Son üç il ərzində narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin sayındakı artım onu deməyə əsas verir ki, İran bu təxribatın həyata keçirilməsində israrlıdır. Bəzən cəmiyyətdə belə ovqat yaranır ki, “bu qədər də narkotik olar?” Bəli, belə hallar çoxdur, onlarla da lazımi səviyyədə mübarizə aparılır. İran bizim hüquq-mühafizə orqanlarının peşəkarlığını görəndə, başqa fəndlərdən istifadəyə cəhd edir. Bu, həm də Azərbaycan dövlətinin cinayətkarlıqla mübarizəsinin bariz təzahürüdür. İranın bu məsələdə həm də İslam dininə olan müstəsna hörmətsizliyi ortaya çıxır. Çünki narkotikdən istifafə edib, ondan pul qazanmaq dinimizdə haram buyrulub. İran istəmir ki, Azərbaycan sürətlə inkişaf etsin. Ümid bısləyirlər ki, narkotiklərin geniş yayılması ilə bizim ölkəyə istədikləri zərbəni vura biləcəklər. Onların bu ümidləri puç olacaq!”
Narkomaniya 21-ci əsrin ən böyük bəlalarından hesab olunur.
Narkotik maddə aludəçisi olmaqdan heç kim sığortalanmayıb. Kimsə deyə bilməz ki, yalnız varlılar və yaxud yalnız kasıblar narkotik vasitə aludəçisinə çevrilirlər. Yəni bütün kateqoriyalardan olan insanlar üçün bu təhlükə mövcuddur.
Buna görə də, hamılıqla bu bəla ilə mübarizə aparmalıyıq. Bu istiqamətdə hüquq-mühafizə orqanlarına köməklik etməliyik. 2021-ci ilin 10 ayı ərzində Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 7484 cinayət faktı aşkarlanıb. Onlardan 2787-si narkotik vasitələrin qanunsuz satışı, 4230-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması, 372-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Bundan sonrakı dönəmdə də bu bəla ilə bağlı effektiv mübarizə aparılır.
Məhəmmədəli QƏRİBLİ