Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi yeni hesabatında Azərbaycanı Ermənistan ərazisindən qoşunlarını çıxarmağa çağırıb. Çağırışda bir sıra məsələlər öz əksini tapıb.
Sözügedən məsələ ilə bağlı Avroparlamentin Bolqarıstandan olan deputatı Andrey Kovaçev Azərbaycandan Laçın yolunu açmağı tələb edib: “Aİ-Ermənistan Münasibətləri Hesabatı Avropa Parlamentinin regionda sülhə və Ermənistanla Aİ arasında bir sıra mühüm sahələrdə əməkdaşlığa sadiqliyini bir daha təsdiq edir. Bu istiqamətdə mühüm addım kimi biz Ermənistanda Aİ missiyasının yaradılmasını alqışlayırıq və Azərbaycan hökumətini təxminən iki ay əvvəl bağlanmış Laçın dəhlizi boyunca hərəkət azadlığı və təhlükəsizliyini təmin etməyə çağırırıq”.
Bolqar deputatın Qarabağla bağlı belə canfəşanlıq göstərməsi təəccüb doğurur. Bolqarıstan bir tərəfdən interkonnektorlar vasitəsilə Azərbaycan qazını alır. Üstəlik, Azərbaycandan idxal olunan qazın həcmini artırmaq istəyir. O biri tərəfdən, Bolqarıstandan olan deputatlar Avroparlamentdə ermənilərin mənafeyinə xidmət edən mövqedən çıxış edirlər.
“Həmin deputat erməni diasporası ilə ciddi iş birliyindədir və diasporanın lobbiçilik imkanlarindan "bəhrələnən" siyasətçilərdəndir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bir sıra məsələlərə aydınlıq gətirdi: “Avropa Parlamentində Bolqaristandan olan deputat Andrey Kovaçevin belə fəallıq göstərməsi onunla bağlıdır ki, o, Ermənistan üzrə məruzəçidir. Bununla yanaşı, A.Kovaçev erməni diasporası ilə ciddi iş birliyindədir və diasporanın lobbiçilik imkanlarindan "bəhrələnən" siyasətçilərdəndir. Keçən il Ermənistanda olarkən 1915-ci ilin "erməni soyqırım hadisələrinin" şərəfinə ucaldılmış memorialı ziyarət edərkən avropalı siyasətçilərə xitabən “zavallı” ermənilərin bir daha belə bir "soyqırıma" məruz qalmamaları üçün onları müdafiə etməyə çağırıb. Kovaçevin mövqeyi Azərbaycan-Ermənistan münaqişəsi, o cümlədən Laçin yolunda yaşanan hadisələrlə bağlı rəsmi Sofiyanın mövqeyi deyil. Azərbaycan və Bolqarıstan arasında ikitərəfli, qarşılıqlı, faydalı münasibətlərdə dinamik inkişaf var. Ötən il ikitərəfli ticarət dövriyyəsinin ümumi həcmi 80 milyon dollara çatıb. Bolqarıstan Azərbaycan üçün Avropaya giriş qapısı rolunda olduğu kimi, Azərbaycan da Bolqarıstan tərəfi üçün Mərkəzi Asiya bazarlarına çıxış üçün önəmli əhəmiyyət kəsb edir. Azərbaycan və Aİ arasında hələ 2013-cü ildə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa dair razılaşma imzalanıb. Razılaşmanın şərtinə görə, təxminən 1 milyard kubmetrə yaxın Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə Yunanıstan və Bolqarıstana ixrac edilir. Prezident İlham Əliyevin 2016 və 2022-ci illərdə Bolqarıstana məlum səfərlərindən sonra iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. A.Kovaçevə gəlincə, onun təmsil olunduğu Avropa Xalq Partiyası adətən xristian demokrat mövqelərində dayanan, bəzi hallarda ifrat fundamental xristiançılıq baxışları ilə seçilən partiyalardandır. Görünür, Kovaçevin məruzəsinə onun xristian həmrəyliyi ilə bağlı baxışları sirayət edib. Azərbaycanlı ekofəalların Laçın ətrafındakı tələblərinə əhəmiyyət vermədən o, avropalı parlamentarilərdən ölkəmizə təzyiqlər etməyi istəyib. Bu blokada nəticəsində Qarabağda "humanitar fəlakət" həddinə gətirilmiş "120 min zavalli ermənini" Kovaçev son vaxtlar təcavüzkar mövqe sərgiləyən Azərbaycandan mudafiə etməyə çağırıb. Görunur, AP-də Ermənistan üzrə həmməruzəçi olan Kovaçev unudur ki, bölgədə AP-nin sülh və sabitliyin bərqərar olması üçün həyata keçirməyə can atdığı siyasət hadisələrin təhrif olunması ampluasından keçmir”.
Vidadi ORDAHALLI