Prezident İlham Əliyev Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələni Azərbaycanın acısı kimi qəbul edərək, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində əhəmiyyətli tapşırıqlar verib. Xilasedicilərimizin, könüllülərin, dövlətimizin və ictimaiyyətin digər təmsilçilərinin təbii fəlakət bölgəsindəki missiyası hər bir azərbaycanlının könlündən keçən hissdir. Qardaş ölkədə deyildiyi kimi, Azərbaycan bir nəfər kimi Türkiyənin yanındadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov ifadə edib.
Fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlandığı başsağlığında “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”,-ifadələrinin yer aldığını xatırladan deputat deyib ki, dövlətimizin başçısı təbii fəlakətin nə qədər ağır olduğuna böyük həssaslıqla yanaşaraq strateji yardım kampaniyasının başlanması istiqamətində zəruri tədbirlərə start verib.
“Azərbaycan qardaş harayına həm ilk, həm də çoxistiqamətli fəaliyyətlə qatılan ölkədir. Türkiyəyə yardım qardaşlıq borcudur. Bu sağlam humanist yanaşma eyni zamanda bütün dünya üçün nümunədir”,-deyə millət vəkili vurğulayıb.