Məlum olduğu kimi, bu günlərdə Azərbaycandakı Rus İcması da Laçın yolundakı dinc aksiyaya qoşularaq dəstək verib. Onların bu addımı ermənilərlə yanaşı, separatçıların maraqlarından çıxış edən bəzi Rusiya siyasətçilərini narahat edir.
Azərbaycandakı rus icması nümayəndələrinin hərəkətlərini Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Vitali Milonov pisləyib və onları təhqir edib: “Oraya heç bir rus icması gəlmədi. Rus İcması indi Stepanakertdə yaşayır və az qala faşist blokadasına məruz qalır və bu blokada müəyyən şəxslər tərəfindən həyata keçirilir. Düşünürəm ki, bu, sadəcə olaraq terrorçuların təşkilidir... Mən hesab edirəm ki, heç bir rusiyalı həyatında heç vaxt belə vicdansız hərəkətlərdə iştirak etməyəcək...”.
Görünən odur ki, Milonov Laçın aksiyalarında iştirak edən rusları həm ittiham edir, həm də təhqir edir. Alçaqcasına erməni puluna görə dünya ruslarını üz-üzə qoyur. Azərbaycan rus icması bu şərəfsizə reaksiya verməlidirmi?
“Kremldə ona dur deyən yoxdur, hakim “Vahid Rusiya” partiyası bunu önləmək üçün hansısa addımlar atmır”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, bu düpədüz təhqir olduğu üçün Azərbaycandakı rus icması buna öz münasibətini bildirməlidir: “Düzdür, Azərbaycanın Rus İcması fevralın 2-də Rusiya Federasiyası Federal Məclisi Dumanın deputatı Vitali Milonovun Rusiya-Ermənistan təbliğat informasiya agentliyi olan RUSARMİNFO-ya müsahibəsində səsləndirdiyi fikirlərə kəskin etirazını bildirib. Ancaq görünən odur ki, V.Milonov bundan nəticə çıxarmayaraq növbəti dəfə rusları aşağılayıb. Həyasızcasına bəyan edib ki, əsil rus icması Xankəndidə yaşayır. Bununla faktiki olaraq rusları qarşı-qarşıya qoyur. Məsələnin təəccüb və təəssüf doğuran məqamı odur ki, V.Milonov hakim “Vahid Rusiya” partiyasını təmsil edən bir deputatdır. Onun sərgilədiyi mövqe iki ölkə münasibətlərinə zərər vurur. Halbuki, ötən ilin fevralında Rusiya ilə Azərbaycan arasında müttəfiqlik barədə müqavilə imzalanıb. V.Milonov hakim partiyanın üzvü ola-ola Qarabağdakı separatçıları dəstəkləyir, ora qanunsuz səfərlər edir. Bütün bunlar azmış kimi, Azərbaycandakı rus icmasını təhqir və təhdid edir. Bütün bunlara rəğmən, Kremldə ona dur deyən yoxdur. Hakim “Vahid Rusiya” partiyası bunu önləmək üçün hansısa addımlar atmır. Ən azından, onu partiyadan xaric etmək olar. Bütün bunların baş verməməsi onu göstərir ki, Milonovun təxribatlarının davamlı hal alması təsadüf deyil. Proseslər məqsədyönlü şəkildə idarə olunur. Yoxsa Rusiya kimi bir ölkədə Milonov buna cəsarət etməzdi. Bu baxımdan hesab edirəm ki, Azərbaycandakı Rus İcması sərt şəkildə Milonova etiraz etməlidir. Təkcə bununla kifayətlənmək olmaz və icma Rusiyanın müvafiq qurumlarına müraciət etməlidir. Bir sözlə, bunun üzərinə getməlidilər. Əks təqdirdə Milonovun təxribatları dayanmayacaq”.
Vidadi ORDAHALLI