Baş nazir Nikol Paşinyan Ermənistana niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yox, Avropa İttifaqı (Aİ) müşahidəçilərinin gəldiyi barədə sualı cavablandırıb.
Paşinyan bildirib ki, rəsmi İrəvan KTMT-dən onun məsuliyyət zonası olan Ermənistan Respublikasının sərhədlərinin haradan keçdiyi məsələsinə aydınlıq gətirməyi xahiş edib, amma cavab almayıb: “Biz missiya göndərməyə hazır olan KTMT tərəfdaşlarımıza minnətdarıq. Biz çox vacib bir xahişlə KTMT-yə müraciət etdik: Ermənistan Respublikasında KTMT-nin məsuliyyət sahəsini aydınlaşdırın, yəni onların nə düşündüklərini, Ermənistan ərazisinin harada olduğunu deyin. Əgər missiya Ermənistan ərazisinin harada olduğunu bilmirsə, onun işğal olunub-olunmadığını necə deyə bilər?”.
Paşinyanın sözlərinə görə, KTMT-dən fərqli olaraq, Avropa İttifaqı (Aİ) Ermənistanın təqdim etdiyi xəritələri nəzərə alıb və bu onun müşahidə missiyasını Azərbaycana dəvət etməyə imkan verib: “2022-ci ilin oktyabrında Praqada keçirilən dördtərəfli görüşdə Aİ Ermənistanın sərhədlərini aydın şəkildə müəyyən edib və bu sərhədə nəzarət etmək üçün müşahidəçilərin göndərilməsini elan edib”.
Görünən odur ki, Paşinyan KTMT missiyasını qəbul etməmələrinə müxtəlif cür don geyindirir. Aİ missiyasına haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxır. Məsələni belə təqdim etməyə çalışır ki, guya Aİ Qarabağın Ermənistanın tərkibində olmasını qəbul edir. Guya Ermənistanın sərhədlərinin dəqiqliyini, ərazisinin konkret nədən ibarət olduğunu bilir və bunu qiymətləndirir. Ona görə də hansı ərazidə Ermənistanın təhlükəsizliyinə təminat verəcəyini bilir. Ancaq KTMT-nin Ermənistanın ərazisi deyəndə nə nəzərdə tutduğu guya aydın deyil.
“Bu açıq şəkildə onu göstərir ki, Ermənistan hakimiyyəti meydanı dəyişib və daha çox Avropaya üz tutublar”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Paşinyan belə oyun oynamaqla bir neçə məqsəd güdür: “Paşinyan Qərbpərəst kimi görünsə də, daha çox Ermənistanın maraqlarına oynayır. O çalışır ki, Rusiyadan təhlükəsizlik qarantiyası alsın. Gördü ki, ala bilmir, bu zaman başqa oyun oynayır. İndi də çalışır ki, Avropadan həm maliyyə, həm də təhlükəsizlik qarantiyası alsın. Ona görə Qərbə üz tutur. Sabah Rusiyadan nəsə müsbət bir şey görsə, üzünü Moskvaya tutar. Ona görə də Fransanın təmsilçiliyi ilə Aİ Ermənistana daha çox sərf edir. Bu səbəbdən Paşinyan məqsədyönlü şəkildə KTMT-ni aşağılayır. Paşinyan görür ki, Rusiyanın başı Ukraynaya qarışıb və həmin bataqlıqdan çıxa bilməyəcək. Ona görə də bundan maksimum faydalanmağa çalışır. Bu açıq şəkildə onu göstərir ki, Ermənistan hakimiyyəti meydanı dəyişib və daha çox Avropaya üz tutublar. Yeri gələndə Birləşmiş Ştatlardan istifadə edirlər. Bütün bumlarda əsas məqsəd odur ki, vaxt qazansınlar. Vaxt uzandıqca, separatçılar Qarabağda fəaliyyət göstərməkdə davam edirlər. Bu baxımdan Paşinyan və komandası prosesləri uzatmaqla məşğuldur”.
Vidadi ORDAHALLI