Məlum olduğu kimi, fevralın 6-da Türkiyədə ağır zəlzələ olub. Çoxsaylı binalar dağılıb, ən son məlumata görə, ölənlərin sayı 12 min nəfəri keçib. Zəlzələnin miqyasını nəzərə alsaq, onun fəsadlarını aradan qaldırmaq heç də asan olmayacaq. Bənzər zərzələ digər böyük dövlətlərdə də baş versəydi, oxşar vəziyyət yaranardı.
Bu arada BBC, “Azadlıq Radiosu”, “Amerikanın Səsi”, “Reuters” kimi informasiya resurslarının Türkiyədə zəlzələ ilə bağlı hazırladıqları yazılara, vedeoreportajlara baxanda görürük ki, baş verənlərə ancaq tənqidi yöndə yanaşırlar: hökumət filan yerə xilasedici göndərmir, camaat dağıntıların altında qalıb və s. Yalnız narazı şəxslərin fikirləri işıqlandırılır. Halbuki, zəlzələnin əhatə etdiyi vilayətlərdə 13 milyon əhali yaşayır və hamıya eyni vaxtda qışın bu vaxtı kömək etmək asan deyil.
Maraqlıdır, sözügedən xarici media resurslarının görülən işləri belə sistematik qaralamaqda məqsədi nədir?
“Zəlzələ üzərində qurulan qaralama kampaniyası da buna hesablanıb”
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin fikrincə, qlobal media resursları siyasi sifariş əsasında bu kampaniyanı aparırlar: “Ümumiyyətlə, qlobal media hər zaman Türkiyəyə başqa mövqedən yanaşıb. Həqiqətləri olduğu kimi işıqlandırmayıb. Ortada böyük faciə ola-ola, insanlar evindən-eşiyindən məhrum olduğu halda qlobal media buna siyasi don geyindirir. Hesab edirəm ki, məqsədyönlü şəkildə bütün bunlar edilir. Halbuki, bir sıra elmi mərkəzlər bəyan edir ki, Türkiyə zəlzələsi harda olsaydı, dağıntıları böyük olardı. Çünki zəlzələnin episentri yer səthinə 7 kilometr məsafədə olub. Bundan əvvəl Yaponiyada da zəlzələ olub. Orada zəlzələnin episentri 150 kilometrlik məsafədə olub. Bütün bunları xarici media nəhəngləri yaxşı bilir. Sadəcə, müqayisələr aparıb bunları qabartmaq istəmirlər. Ona görə ki, məqsəd zəlzələnin törətdiyi fəsadlara siyasi don geyindirib Ərdoğan hakimiyyətini sarsıtmaqdır. Bütün vasitələri işə salıblar ki, qarşıdakı seçkilərdə mövcud hakimiyyət məğlub olsun. Zəlzələ üzərində qurulan qaralama kampaniyası da buna hesablanıb. Sanki baş verən fəlakət bunlar üçün göydəndüşmə fürsət olub. Obyektiv vəziyyəti, hökumətin imkanlarını və gördüyü işləri bilə-bilə böhtan atırlar. Cəmiyyəti hakimiyyətə qarşı qaldırmağa çalışırlar. Təəssüf doğuran odur ki, dünyada aparıcı gücə malik qlobal media burada alətə çevrilir. Bəlli siyasi mərkəzlərdən gələn sifarişləri həyata keçirir. Sözügedən media resurslarının alət olduğunu biz bilirik, amma bunu bütün dünya ölkələri bilmir. Əfsuslar olsun ki, Azərbaycanda da sözügedən media resurslarının yalanına inananlar, buna alət olanlar var. Bu da zərərli tendensiyadır. Hesab edirəm ki, biz bu və digər məsələləri nəzərə almalıyıq”.
Vidadi ORDAHALLI