Ermənilərin aşırı birtərəfli yalan təbliğatı o dərəcəyə çatıb ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok da onların təsirinə düşüb. Yəni ermənilər nə deyirsə, ona da inanır.
A.Berbok Almaniyada olan ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündən sonra Azərbaycanı Laçın yolunun açılmasına çağırıb, “blokadaya təcili qaydada son qoyulmasını” tələb edib: “Supermarket rəfləri boşdur, dərmanlar çatışmır, ailələrin üzvləri Ermənistanda ilişib qalıblar və doğmalarına qovuşa bilmirlər. Məktəblilər şaxtalı havada donurlar, çünki enerji təchizatı kəsilib. Bölgədəki Avropa İttifaqı missiyasından məqsəd təlatümlü regionda daha çox sabitlik və hər şeydən əvvəl etimadın artırılmasıdır. Biz son illərdə görürük ki, ən xırda qığılcım ərazidə yanğına səbəb ola bilir. Etibarlı kommunikasiya kanalları bu risqi azaldır. Laçın dəhlizinin blokadasını dərhal dayandırmaq vacibdir. Rusiya və Azərbaycan öz öhdəliklərini yerinə yetirməlidir”.
Almaniya xarici işlər naziri elə danışır ki, sanki Laçın yolu tamamilə bağlıdır, oradan bir yük maşını belə keçmir. Halbuki, yol vasitəsilə zəruri vasitələrin daşınmasını xarici media vasitələri ara-sıra işıqlandırır. Ancaq nədənsə xanım A. Berbok bütün bunları görmək, eşitmək istəmir.
“Belə ədalətsiz yanaşmalar separatçıların həyasızlığına, Ermənistanın pozucu mövqedən çıxış etməsinə stimul verir”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Almaniya kimi Avropa İttifaqının iqtisadi lokomotivi olan bir ölkənin erməni təbliğatının təsiri altına düşməsi təəssüf doğurur: “Halbuki, Almaniyanın bu və digər məsələləri araşdırmaq imkanları genişdir. Məxsusən Almaniyanın xarici işlər naziri Annalena Berbokun bütün bunları görməzdən gəlməsi onun məsələlərə qərəzli yanaşmasının göstəricisidir. Əvvəla, Qarabağda heç də ermənilərin iddia etdiyi kimi, 120 min əhali yaşamır. Orada hardasa 40 minə yaxın erməni yaşayır ki, onların da təminatı elə də çətin deyil. Çünki hər gün Rusiya sülhməramlılarının nəzarəti altında ora yüklər daşınır. Ermənilər isə məqsədyönlü şəkildə boş dükan piştaxtalarını çəkib dünyaya göstərirlər ki, guya ərzaq qıtlığından əziyyət çəkirlər. Bütün bunlar əvvəlcədən hazırlanmış şoudur. Yaxşı olardı ki, Almaniya rəsmiləri Qarabağla bağlı məsələləri düzgün araşdırsınlar. Ondan sonra mövqe bildirsinlər. Almaniya xarici işlər naziri Mirzoyana xatırlatmalı idi ki, beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ermənistan başqa dövlətin daxili işinə qarışmaqdansa, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli öhdəliklərə əməl etsin. Orada öhdəliklərdən biri Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. İndiyə qədər rəsmi İrəvan buna əməl etməyib. Digər tərəfdən, Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağdakı etnik ermənilərin ehtiyaclarını qarşılamağa hazırdır. Dəfələrlə bəyan olunub ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər bu ölkənin bərabər hüquqlı vətəndaşı olmaq imkanına malikdir. Ancaq biz görürük ki, Azərbaycanın bu təkliflərini nəinki Almaniya, digər böyük dövlətlər də görməzdən gəlir. Bu isə, əlbəttə ki, ümumi işə fayda vermir. Belə ədalətsiz yanaşmalar separatçıların həyasızlığına, Ermənistanın pozucu mövqedən çıxış etməsinə stimul verir”.
Bu baxımdan partiya sədri hesab edir ki, Almaniya rəsmiləri ədalətli olmalıdılar.
Vidadi ORDAHALLI