Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan Moskvaya gedib. Erməni mediası yazır ki, Vardanyan Rusiyada görüşlər keçirmək və özünün taleyini aydınlaşdırmaq istəyir.
Qeyd edək ki, təxminən 10 gün əvvəl qondarma rejimin “başçısı” Araik Arutyunyanın da Moskvaya getdiyi, 3-4 gün öncə Xankəndiyə qayıtdığı haqda məlumat var. Məlumatlara görə, Araik və Ruben arasında qarşıdurma davam edir və onların hər biri Rusiyanın dəstəyini əldə etməyə çalışır. Moskvaya getmələri də bundan qaynaqlanır.
Rubenin Qarabağdan necə çıxdığı suallar yaradır. Çünki Laçın yolunda aksiya davam edir və yoldan, əsasən, humanitar yardımların keçidi təmin olunur.
Məlumata görə, Vardanyan Qarabağı biabırçı şəkildə tərk edib. Ruben rus sülhməramlılarına məxsus yük maşınında aradan çıxıb. Həmin maşında sülhməramlı kontingentdə xidmət edən əsgərlərin yararsız paltarları daşınırmış. Çirkli corabların, şalvarların və kim bilir, daha nələrin arasında Vardanyan sinədolusu nəfəs ala-ala əvvəlcə Ermənistana keçib, oradan isə Moskvaya yol alıb. Bütün bunlar Moskvanın müəllifi olduğu “Vardanyan layihəsi”nin artıq iflasa uğradığına dəlalət edirmi?
Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sanki hər şey Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində dediyi kimi olub: "Prezident belə bir fikir işlətmişdi ki, separatçı ermənilər gedə bilərlər: ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər; avtobusla da gedə bilərlər, yol açıqdır. Elə də olub. Vardanyan yük maşınında gizlənərək oranı tərk edib. Vardanyanın qaçması onu da sübut etdi ki, Qarabağdakı ermənilər bir daha onunkimilərin boş, “şirin” vədlərinə inanmamalı, öz gələcəklərini müstəqil, firavan Azərbaycana inteqrasiyada görməlidirlər. Onlar anlamalıdırlar ki, bundan sonra da vardanyankimilərin Qarabağa, Azərbaycana heç bir təsiri ola bilməz. Artıq iki aya yaxındır azərbaycanlı ekofəalların laçın yolunda keçirdikləri dinc aksiya Vardanyanın və digər separatçıların əl-qolunu bağlamışdı. Artıq onlar Laçın-Xankəndi yolundan əvvəl olduğu kimi rahat hərəkət edə, istədiklərini daşıya və ya gətirə bilmirdilər. Görünən odur ki, ekofəalların keçirdikləri dinc aksiya səbəbindən Vardanyan Qarabağdakı faydalı qazıntı yataqlarından çıxarılan qızılı və digər qiymətli metalları ölkədən çıxarmaqda artıq çətinlik çəkirdi. Yuxarıda qeyd etdiyimiz kimi, Qarabağa pul qazanmaq məqsədilə gələn Vardanyanın əlavə mənfəət əldə edə bilməməsi onun buradan çıxıb getməsinə səbəb oldu. Həm Arayik Arutunyanın, həm də Vardanyanın Moskvaya üz tutması bir daha sübut edir ki, Ermənistan hökuməti separatçılara və Qarabağa təsir imkanlarını tam itirib. Vardanyanın məhz Moskvaya səfəri onun öz rolundan imtinası anlamına da gələ bilər. Çünki Vardanyan bu işdə işturaka ona görə icazə verib ki, həm də Qarabağda pul qazansın. Ekofəallarımızın keçirdiyi aksiya isə buna imkan vermir. O görür ki, bu yöndə Arayiklə daxili mübarizənin də faydası yoxdur. Çünki yaxın perspektivdə orada Azərbaycanın yurisdiksayı bərpa olunacaq. Onların isə qaçmaqdan başqa yolu olmayacaq. Bu səbəbdən də, indidən tədbir görür.
Beləliklə, Moskvanın müəllifi olduğu “Vardanyan layihəsi”ni artıq iflasa uğramış saymaq olar. Əgər o yenidən hansısa çirkli yükün altına girərək Qarabağa qayıtmaq istəsə, bu dəfə başqa cür danışmaq lazım gələcək. Ya antiterror əməliyyatı ilə məhv ediləcək, ya da yenidən hansısa maşının yük yerində qaçmağa məcbur olacaq. Hətta bu dəfə ola bilsin ki, diqqəti cəlb etməmək üçün qadın paltarı belə geyinməyə məcbur qalsın”.
Məhəmmədəli QƏRİBLİ