Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əliyev Mərkəzinin binası Türkiyə Respublikasının Dövlət bayrağının rəngində işıqlandırılıb.
Trend xəbər verir ki, Azərbaycan və Türkiyə xalqları arasındakı dostluğu, qardaşlığı və birliyi nümayiş etdirən videoproyeksiya bir neçə gün davam edəcək.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.