Erməni mediasının yaydığı məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığında onlar Laçın yolunun “bağlanması” ilə Qarabağda yaranmış “ağır humanitar vəziyyəti” müzakirə ediblər. Makron iddia edib ki, guya Azərbaycan Laçın yolunu bağlayıb və bu da Qarabağın “blokadaya” düşməsi ilə nəticələnib (?).
Göründüyü kimi, Paşinyan və Makron olmayan yerdən problem yaradırlar. Böyük hay-küylə təqdim etməyə çalışırlar ki, guya Qarabağ blokadadadır. Amma belə şəraitdə, müharibədən iki il yarım keçməsinə baxmayaraq, Naxçıvanın blokadasının hələ də ağır şəkildə mövcud olduğunu dilə gətirmirlər. Əslində Naxçıvan blokadadadır, onu da blokada saxlayan Ermənistandır. Razılıq əldə olunsa da, amma bugünə qədər Ermənistan Zəngəzur dəhlizini açmır. Fransa kimi qeyri-obyektiv, qarışdırıcı ölkələr Qarabağın, Ermənistanın “blokada”sından danışır, bunu dünya miqyasında şişirdirlər. Amma Naxçıvanın blokadasını “görmürlər”. Götürəndə, Naxçıvanın bir Türkiyəyə çıxışı var, Ermənistanın da İrana çıxışı var. Necə olur ki, belə vəziyyətdə Ermənistan, Xankəndi “blokadada” sayıla bilir, amma Naxçıvan blokadada sayılmır? Naxçıvanın blokadadan çıxarılması üçün Fransa, Makron başda olmaqla niyə bir addım atmırlar? Niyə bundan danışmırlar?
“…Makronun Laçın yolu ilə bağlı hər hansı qondarma, uydurma ittihamlar əsasında süni gündəm yaratmaq cəhdləri ikiüzlülük və ədalətsizlikdir”
Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün biz Azərbaycana qarşı beynəlxalq ikiüzlülüyün və ədalətsizliyin şahidi oluruq: “Təəssüflər olsun ki, Naxçıvanın blokadadan çıxarılması üçün nə Fransa, nə də Avropa Birliyi Ermənistanın 10 noyabr bəyanatında Naxçıvana quru dəhlizlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə nəzarət edir. Eyni zamanda günü bu gün də Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər əngəllənir, bunun qarşısında süni maneələr yaradılır. Belə olan təqdirdə bu gün Makronun Laçın yolu ilə bağlı hər hansı qondarma, uydurma ittihamlar əsasında süni gündəm yaratmaq cəhdləri ikiüzlülük və ədalətsizlikdir. Bütövlükdə, Makron və onun simasında bir çox avropalı siyasətçilər, özəlliklə Fransa siyasətçiləri Azərbaycana yanaşmada bütün ədalət meyarlarını tamamilə unudublar. Belə olan təqdirdə, əlbəttə ki, Makronun, yaxud da ki, onun ətrafındakı qeyri-səmimi siyasətçilərin Naxçıvanın taleyi ilə bağlı hər hansı bir qərar verəcəyini gözləyə bilmərik”.
T.İsmayılovin fikrincə, indiyə qədərki ədalətsiz davranışları onların qlobal mənada hansısa ədalətə, bərabərliyə xidmət edəcəyini, yaxud bu məsələdə konkret addımlar atacağını söylməyimizə heç bir əsas vermir. “Digər tərəfdən, ümumiyyətlə nəzərə almaq lazımdır ki, beynəlxalq güclər bu məsələdə Ermənistandan siyasi təsir vasitəsi kimi istifadə edirlər və güclənən Azərbaycan-Türkiyə faktoruna qarşı Ermənistanı qızışdıranlar Laçın yolu ilə bağlı ədalətli vəziyyəti də tələb edə bilmirlər” - deyə T.İsmayılov əlavə etdi.
Leyla QARAXANLI