Erməni ki erməni. Ermənistan prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib. Hətta Paşinyan ölkəsinin yardım göstərməyə hazır olduğunu deyib: “Türkiyə və Suriyada çoxlu insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbərindən kədərləndim. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan yardım göstərməyə hazırdır”.
Erməni apostol kilsəsinin katolikosu II Qaregin isə Suriya prezidenti Bəşər Əsədə başsağlığı teleqramı vurub, lakin Türkiyəyə başsağlığı verməyib: “Katolikos günahsız qurbanların ailələrinə təsəlli, yaralıların tezliklə sağalmasını arzuladı. Erməni Patriarxı Uca Tanrıdan xahiş etdi ki, dost Suriyanı onun xeyir-duası altında saxlasın, ona dinc və təhlükəsiz günlər bəxş etsin”. Adətən din xadimləri belə vəziyyətlərdə humanist mövqedən çıxış edirlər. Necə deyərlər, barışıq mesajları verirlər. II Qaregin isə din xadiminə yaraşmayan düşmən mövqeyindən çıxış edir.
“Onda azacıq insanlıq, vicdan olsaydı, Suriya ilə yanaşı, Türkiyəyə də başsağlığı verərdi”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, II Qaregin bununla bir daha öz əsl simasını ortaya qoydu: “Əslində bizim üçün bu təəccüblü deyil və olmamalıdır da. Ona görə ki, katolikosun kim olduğunu yaxşı bilirik. Bu o katolikosdur ki, Qarabağda erməni separatçılığının alovlandırılmasında, qan tökülməsində təkanverici rol oynayıb. 1988-ci ildən üzü bəri məlum hadisələrlə əlaqədar erməni kilsəsi barışdırıcı mövqedən çıxış etməyib. Hər dəfə qarşıdurmanı körükləyiblər. Çünki bunlar din cübbəsi altında gizlənmiş terrorçudular. Bunlar dindən öz mənfur məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə edirlər. Bu həmin II Qaregindir ki, erməniləri türkə nifrət ruhunda tərbiyə edir. Erməni gəncləri türklərə qarşı vuruşmağa, əllərinə silah götürməyə çağırır. Beləsi Türkiyədə baş verən ağır dağıdıcı zəlzələyə görə üzüləcəkmi? Tam əksinə, II Qaregin bütün bu baş verənlərə görə sevinir. Çünki o, din adı altında gizlənmiş bir şeytandır. Onda azacıq insanlıq, vicdan olsaydı, Suriya ilə yanaşı, Türkiyəyə də başsağlığı verərdi. Onun bu addımı iki ölkə arasında münasibətlərin qurulmasına, erməni cəmiyyətində Türkiyəyə qarşı mənfi münasibətin azalmasına müsbət təsir edərdi. Necə deyərlər, bir barış atmosferinin yaranmasına öz təsirini göstərərdi. Ancaq əfsuslar olsun ki, bunların heç biri onun timsalında özünü göstərmədi. Ona görə ki, II Qaregin insanlıqdan, humanist dəyərlərdən, din xadiminə xas olan keyfiyyətlərdən uzaq bir məxluqdur. Təbii fəlakətə, bunun yaratdığı insan itkisinə sevinir. Bundan düşmənçilik məqsədləri üçün istifadə edir. Tam əminliklə deyirəm ki, katolikosun Ermənistandakı revanşistlərdən heç bir fərqi yoxdur. O da həmin qüvvələr kimi, erməni cəmiyyətini düşmənçiliyə sürükləyir”.
Vidadi ORDAHALLI