Məlum olduğu kimi, 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıb. Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb ki, səfirliyin müşahidə kameraları vasitəsilə terror hücumunun gedişatı anbaan lentə alınıb.
Təqdim edilən videokadrların xronoloji ardıcıllığından görünür ki, hadisə yerinə gələn İran polisi terrorçuya heç nə etmir. Sonra onu əli silhalı hadisə yerində buraxaraq, oranı tərk edir. Bundan sonra terrorçu təkrarən səfirliyin binasına hücum edir. Bütün bunlar İran dövlətinin terrorda əlinin olduğunu sübut edən mötəbər dəlillər sayıla bilərmi?
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, nümayiş olunan kadrlardan sonra bir daha İran dövlətinin bu işdə əlinin olduğu qənaətinə gəlinir: “Bu, Azərbaycana qarşı təşkil edilən bir terror hadisəsidir. Düşünürəm ki, İran uzun illər Ermənistanla birləşib, işğalda olan ərazilərimizdə transmilli cinayətlərin müxtəlif növləri ilə məşğul olublar. Eyni zamanda bizim sərvətlərimizi talayıblar. Müharibədən sonra bütün bunlar onların əlindən çıxdı. İran həm də Zəngəzur dəhlizinə mane olmaq istəyir. Bizim səfirliyimiz baş verən terrordan əvvəl İran dövlətinə müraciət etmişdi ki, onların təhlükəsizliyi lazımi şəkildə təmin edilsin. Çünki səfirlik əməkdaşları açıq şəkildə təhdid edilirdi. İran dövləti isə üzərinə düşən beynəlxalq öhdəlikləri belə yerinə yetirməkdən boyun qaçırdı. Sonda isə terrora əl atdılar. Bunun əlavə isbata ehtiyacı yoxdur. Səfirliyin önündə baş verənlərdən açıq görünür ki, terrorçuya öz əməlini yerinə yetirmək üçün yaşıl işıq yandırıblar. Əlində silah gəzir, ancaq polis onu hadisə yerində qoyub, kənara çəkilir. Hətta terrorçunun əli ilə polisə müəyyən jestlər etdiyi də görünür. Polis də öz vəzifə funksiyalarını yerinə yetirmək əvəzinə, terrorçunun komandalarına tabelik nümayiş etdirir. Terrorçuya səfirliyimizin əməkdaşı mane olduğu üçün onun planı tam baş tutmadı. Onun planı hamını, hətta diplomatların ailələrini belə qətlə yetirmək olub. Burada mütəşəkkil bir dəstənin əməli həyata keçirilib. İnanmıram ki, İran dövləti bütün dairəni məsuliyyətə cəlb etsin. Ora bizim ərazimiz sayıldığı üçün, törədilən cinayət bizim qanunvericiliklə araşdırıla bilər. Sonrakı hadisələr də sübut etdi ki, İranın Azərbaycanda məkrli planı olub. Ölkəmizdə fəallaşan İranın agentura setinə qarşı keçirilən əməliyyatlar bunu sübut edir. İslam dövləti bir müsəlman ölkəsinə qarşı belə namərdlik edirsə, deməli, onların İslama heç bir aidiyyəti yoxdur. Bizim mühafizəçi fars dilində polisi köməyə çağırsa da, ona kömək etmirlər. Yaralıların aparıldığı ilk xəstəxana onlara tibbi yardım göstərməkdən imtina edir. Bütün bunlar bir daha sübut edir ki, burada bütöv bir dövlət aparatının müdaxiləsi olub. Bunun bir adı var - terror. İran bu hadisəyə məişət zəminində baş verən bir cinayət rəngi verməyə çalışsa da, ictimai rəy bunu həzm etmir. Azərbaycan tərəfinin bütün detallarla bağlı obyektiv istinaq aparacağına qəti şübhəm yoxdur. Əldə olunan kadrlar istinaq üçün vacib sübutlar sayıla bilər. İran bilsin ki, onun bu cür məkrli planları heç nəyə yaramayacaq. Azərbaycanı belə üsullarla yolundan döndərmək mümkün deyil”.
Məhəmmədəli QƏRİBLİ