Fevralın 1-də Prezident İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib
Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.
Başsağlığına görə minnətdarlığını bildirən dövlət başçısı səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.
İran polisi niyə bu məsələni başdansovdu araşdırır, niyə ardıcıl iş görmür? Nə üçün bu müddət ərzində ortalığa gerçəyi çıxarmaqda maraqlı deyil?
“…Daha çox məsələnin üstünün basdırılmasına cəhd edildiyini görürük”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə şərh verən millət vəkili Ceyhun Məmmədovun fikrincə, İranın bu yanaşması bir daha bu dövlətin Azərbaycana qarşı qeyri-səmimi olduğunu, onun Azərbaycanla bağlı siyasətinin əsl mahiyyətini ortaya qoymuş olur. “Əslində, bəli, gözlənti ondan ibarət idi ki, İran Azərbaycana qarşı bunu etməyəcək. Yəni ən azından, bu hadisə olandan sonra bir səmimi və sağlam mövqe, yanaşma ortaya qoyacaq. Hər halda bir ümid edilirdi. Amma bu gün biz təəssüflə qeyd etməliyik ki, İranın yanaşmasında bunu görmədik, bu ölkə növbəti dəfə öz mahiyyətini ortaya qoydu. Hətta bu günlərdə mətbuatda məlumat getdi ki, həmin şəxs türməyə yox, dəlixanaya yerləşdirilib, guya onun hansısa bir psixi pozğunluğu var. Onu xüsusi qeyd etmək istəyirəm ki, bu, İranın bizə qarşı qeyri-səmimi, məkrli, təxribatyönümlü siyasətini ortaya qoyur. Bəli, bu terror hadisəsinin üzərindən xeyli müddət keçməsinə baxmayaraq heç bir konkret addım atılmayıb. Təəssüf ki, ilk gündən İran bunu “məişət zəminində” bir hadisə kimi təqdim etməyə çalışır. Bu özü-özlüyündə İranın bir daha həqiqi mahiyyətini, siyasətini, təcavüzkarlığını, xalqımıza qarşı düşmən mövqeyini açıq-aydın ortaya qoyur. Əslində, biz İrandan belə bir yanaşmanı gözləmirik, biz hər zaman münasibətlərdə bunu qorumuşuq. Amma təəssüf ki, İran tərəfi bu cür mövqe nümatiş etdirir. Bugünə kimi konkret bir fakt təqdim etmir. Proseslərin də təhlili onu göstərir ki, bu terroru İran özü törədib və ona görə də onun araşdırılmasında maraqlı deyil”.
C.Məmmədovun fikrincə, əslində bu gün Azərbaycan cəmiyyətində bir çox suallar var. O qeyd etdi ki, biz İran tərəfindən rəsmi cavab və rəsmi reaksiya gözləyirik. “Bu verilmədikcə, Azərbaycan xalqında, Azərbaycanda olan inam daha da zədələnir, daha da müxtəlif şərhlərə aparıb çıxarır. Bu baxımdan, cənab Prezidentin belə bir mövqe ortaya qoyması çox təqdirəlayiqdir, önəmlidir. Çünki İranın bu formada təxribatları özünü açıq şəkildə biruzə verir. Ona görə də Azərbaycan İrandan bir daha qətiyyətlə tələb edir ki, belə yanaşmalara son qoysun və məsələni araşdırsın. İnanmaq istəyirik ki, ən azı Azərbaycanın bu tələbindən sonra İranın məsələyə yanaşması dəyişəcək. Düzdür, proseslər onu göstərir ki, İran bəzən o qədər də önəm vermir. Yəni söhbət ondan gedir ki, biz daha çox məsələnin üstünün basdırılmasına cəhd edildiyini görürük. Bu yanaşmanı müşahidə edirik. Əlbəttə ki, bu da qəbulediləməz və anormal bir yanaşmadır. O baxımdan, biz ümid etmək istəyirik ki, bu məsələlər tam araşdırılacaq və bununla bağlı aidiyyəti addımlar atılacaq” –deyə millət vəkili bildirdi.
İradə SARIYEVA