Avropa Parlamentindən növbəti ədalətsiz qərar. Belə ki, Avropa Parlamenti Dağlıq Qarabağda erməni mədəniyyət abidələrinin dağıdılmasını pisləyib.
Məsələ ondadır ki, Avropa Parlamenti “Mədəniyyət üzrə yeni Avropa gündəliyinin və Aİ-nin beynəlxalq mədəni əlaqələr üzrə yeni strategiyasının həyata keçirilməsi” adlı qətnamə qəbul edib. Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə üzrə Alt Komitəsinin rəhbəri Natali Loiseau (Fransa) və alt komitənin üzvü Petras Auştreviçius (Litva) tərəfindən imzalanmış dəyişikliyə əsasən, qətnamədə Dağlıq Qarabağda erməni mədəni sərvətlərinin dağıdılması da pislənir: “Avropa Parlamenti Komissiyanı suveren dövlətlərin, xalqların və ya azlıqların şəxsiyyətinin və mədəniyyətinin məhv edilməsi, o cümlədən Azərbaycanın Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsinin məhv edilməsi və inkar edilməsi üzrə davam edən siyasətini qətiyyətlə pisləməyə çağırır”.
Görünən odur ki, Avropa Parlamenti erməni yalanlarına alət olmaq siyasətindən əl çəkmək istəmir.
“Belə bir qurumun qəbul etdiyi qərar və qətnamələrin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, bütün bunlar qurumun növbəti dəfə əsl mahiyyətini ortaya qoydu: “Əslində baş verənlər Avropa Parlamentinin ermənipərəst mahiyyətini növbəti dəfə ortaya qoymuş olur. Hamıya bəllidir ki, 30 il ərzində Azərbaycan torpaqlarının işğal faktoruna Avropa Parlamenti daim göz yumub. Müxtəlif vasitələrlə bunu görməzdən gəlib. Ötən müddət ərzində işğala son qoyulması ilə bağlı Ermənistana hansısa siyasi, iqtisadi xarakterli təzyiq göstərməyib. Halbuki, Avroparlamentin bununla bağlı yetərincə təzyiq rıçaqları olub, amma bunları işə salmaqda maraqlı olmayıb. Azərbaycan öz gücü hesabına 30 illik işğala son qoyduqdan sonra Avropa Parlamenti yenə bir başqa formada ədalətsiz mövqedən çıxış edib. Problem ondadır ki, Avroparlament işğal dövründə məhv edilən, vandalizmə məruz qalan Azərbaycanın mədəni abidələri ilə bağlı heç bir qərar qəbul etməyib. Halbuki, bununla bağlı ortada çoxsaylı faktlar mövcuddur. Bütün bunlar həm də onu sübut edir ki, Avropa Parlamenti erməni lobbisinin çirkli pullarının, maliyyə yardımlarının girovuna çevrilib. Hərçənd, Avropa Parlamentində təmsil olunan bir sıra deputatların korrupsiyaya bulaşması yeni deyil. Bu günlərdə həmin deputatlardan birinə qarşı rüşvət ittihamı ilə cinayət işi açılıb. O baxımdan hesab edirəm ki, Avropa Parlamenti yetərincə zədələnmiş siyasi imicə malikdir. Belə bir qurumun qəbul etdiyi qərar və qətnamələrin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Zatən, Avroparlament zaman-zaman bərtərəfli qərarlar qəbul edən yarımçıq bir təşkilatdır. Üstəlik, belə bir natamam təşkilatın adı korrupsiya qalmaqalında hallanır. Ona görə də Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələri əsla ciddi qəbul edilə bilməz”.
Vidadi ORDAHALLI