Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ikinci ildönümünü böyük sevinc və qürurla qeyd edir. 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin on illiklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı.
Ondan sonra işğal altında olan yaşayış məntəqələrinin azad edilməsi başladı. Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu. Bunun nəticəsi idi ki, noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxmasının tarixini verdi.
O da məlumdur ki, İkinci Qarabağ müharibəsinə qədər müxtəlif tənzimləmə formatları vardı. Ancaq Ermənistan tərəfi hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmayan 7 rayonu belə tamamilə qaytarmaq istəmirdi. Ən azından 1994-cü ildən 2020-ci ilədək təklif olunan heç bir danışıq variantında Şuşanın, Laçının qaytarılmasından söhbət getmirdi. Azərbaycan sülh tərəfdarı olduğundan, qan tökülməsini istəmədiyindən mərhələli həllə də yox demirdi. Lakin ermənilər faktiki olaraq bütün tənzimləmə variantlarını sabotaj və əraziləri geri qaytarmaqdan imtina edirdilər. Nəticədə 2020-ci ilin payızında Azərbaycana əks-hücuma keçib torpaqlarını azad etməkdən başqa yol qoyulmadı. Necə deyərlər, Şuşa zəfəri bütün bunların üzərindən xətt çəkdi. Azərbaycan Ordusu nəinki ətraf 7 rayonu, Şuşa başda olmaqla Dağlıq Qarabağın əhəmiyyətli hissəsini azad etdi. Beləcə, cəmi 44 günə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı işğaldan azad etdi. 27 sentyabrda əks-hücuma keçdik, 8 noyabrda Prezident Şuşanın da azad olunduğunu elan etdi. Bu da əvvəlki tənzimləmə variantlarının üzərindən birdəfəlik xətt çəkdi.
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, həqiqətən də Şuşa zəfəri bir sıra məkirli planları puç etdi: “Əvvəla, işğalçı Ermənistan bir qarış torpağımızı belə geri qaytarmaq istəmirdi. Ermənistanın torpaqları geri qaytarmaq niyyəti olsaydı, Ağdamda, Füzulidə gücləndirilmiş müdafiə xətti qurmazdı. Həmin ərazilərdə düşmənin 5 eşalonlaşmış müdafiə xətti, mühəndis istehkam qurğuları mövcud idi. Demək olar bütün əlverişli strateji yüksəkliklər düşmənin nəzarətində idi. Bütün bunlar o deməkdir ki, Ermənistan nəinki Dağlıq Qarabağı, heç ətraf 7 rayondan birini belə qaytarmaq niyyəti yox idi. Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Valday görüşündə dedi ki, biz Ermənistana 5 rayonun boşaldılmasını təklif etsək də, onlar buna razı olmadılar. Üstəlik, biz nəzərə almalıyıq ki, Azərbaycan Birinci Qarabağ müharibəsində məğlub tərəf olduğu üçün danışıqlarda əli möhkəm deyildi. Biz çox şeyi tələb edə bilmirdik. Həmçinin, bu amildən istifadə edən ATƏT-in Minsk Qrupunun həmsədrləri işğalçı tərəfə təzyiq göstərmirdilər. Tam əksinə, Azərbaycanı mövcud reallıqlarla barışmağa çağırırdılar. Bunu onunla əsaslandırırdılar ki, müharibədə məğlub tərəfsiniz. O üzdən, 27 sentyabrda başlanan şanlı Vətən müharibəsi və 8 noyabrda əldə olunan Şuşa zəfəri bütün bu planların üstündən xətt çəkdi. Şuşa zəfəri sayəsində 30 il aparılan danışıqların predmeti olan status məsələsi gorbagor oldu. Nəyin hesabına? Azərbaycan Ordusunun hərbi qələbəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində”.
Bir sözlə, hərbi ekspert hesab edir ki, Şuşa zəfəri 2 il əvvələ qədər mövcud olan bir sıra reallıqları kökündən dəyişdi.
Vidadi ORDAHALLI