Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Bəyanatda bir sıra məsələlərlə yanaşı, həmçinin üç ölkənin parlamentlərarası əməkdaşlığın yaradılması məsələsi də qeyd olunub. Bildirilir ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək üçün, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşması vacibdir.
Maraqlıdır, üç ölkənin parlamentlərarası əməkdaşlığın yaradılmasının nə kimi nəticəsi ola bilər?
“Rusiyanın Ermənistan parlamentində rıçaqları olduğu da bəllidir, ona görə də, qanunverici orqanlarla bağlı bəndin bəyanata salınması Moskvanın parlament diplomatiyasından rıçaqlar qazanmaq sevdasını…”
Siyasi şərhçi Aqşin Kərimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Soçidə keçirilən üçtərəfli görüşdə Rusiya Cənubi Qafqazdakı maraqlarını itiləmək üçün Azərbaycan və Ermənistandakı ictimai-siyasi fəaliyyətin sferalarına nüfuz etmək cəhdini ortaya qoydu.
Bunu üçtərəfli görüşdən sonra qəbul edilən birgə bəyanatın mətnindən görmək mümkündür, qısası Rusiya Azərbaycan və Ermənistanın ekspert birliklərinin, dini liderlərinin müzakirəsini və üçtərəfli formatda parlamentlərarası əlaqələr düsturunun yaradılmasını təklif edir: “Qərblə Rusiyanı qeyri-rəsmilərə münasibətdə fərqləndirən bir xüsusiyyət var, Moskva dini liderlərin görüş ənənəsini monopoliyada saxlayır, Qərb isə etimadın möhkəmlənməsi üçün daha çox vətəndaş cəmiyyətləri ilə işbirliyinə önəm verir.
İndi Rusiya ekspert birlikləri və parlamentləarası əlaqələr formatını da önə çəkir, hərçənd ki, bunun effektiv nəticələr bərqərar edəcəyini söyləmək düzgün olmaz.
Rusiya Azərbaycanın parlament diplomatiyasını qiymətləndirir və görünür ki, Milli Məclisin gücünü öz xeyri üçün yarar gətirən bir vasitə kimi dəyərləndirir.
Təbii ki, Rusiyanın Ermənistan parlamentində rıçaqları olduğu da bəllidir, ona görə də, qanunverici orqanlarla bağlı bəndin bəyanata salınması Moskvanın parlament diplomatiyasından rıçaqlar qazanmaq sevdasını nümayiş etdirir.
Üçtərəfli parlament əməkdaşlığı platformasının nəzəri olsa da, praktiki xüsusiyyətlərinə görə həlledici bir nəticə ərsəyə gətirəcəyinə inanmıram.
Çünki sülh və təhlükəsizliyin təmin edilməsi Ermənistanın mövqeyindən, Rusiyanın üzərinə düşən öhdəlikləri icra etməsindən və Qərbin proseslərdə hansı nöqtədə dayanmasından daha çox asılıdır”.
Günel CƏLİLOVA