Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində təxribatları, ordumuzun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensivləşib.
Sentyabrın 12-də gecə saatlarında isə 10 noyabr bəyannaməsindən sonra Ermənistanın provakativ addımlarına qarşı ikinci genişmiqyaslı hərbi toqquşma baş verib. Düşmən sarsıdıcı cavab atəşi ilə susdurulsa da, Ermənistan götürdüyü öhdəliklərdən boyun qaçırmaqda israrlı görünür. Sülh müqaviləsinin gündəmdə olduğu bir vaxtda, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi addımlarla qəsdən regionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək məqsədi güdür. Bu isə təxribatların silsilə xarakter daşıyacağından xəbər verir. Ancaq qəribədir ki, Ermənistanın son təxribatlarını beynəlxalq qurumlar səssiz seyr edir. Düzdür, baş verənlərlə əlaqədar əksər beynəlxalq təşkilatlar öz münasibətini bildirib. Ancaq bunların hamısı ümumi çağırış xarakterlidir. Ermənistanın təxribatları ilə bağlı konkret qınaq yoxdur. Halbuki, Ermənistan məqsədyönlü şəkildə üzərinə götürdüyü öhtəliklərə əməl etmir. Ancaq beynəlxalq qurumlar isə bunu görməzdən gəlir.
Bütün hallarda müəyyən beynəlxalq dairələrin Ermənistanın son təxribatlarına reaksiyalarını necə dəyərləndirmək olar?
“Çox təəssüflər olsun ki, müəyyən beynəlxalq təşkilatlar heç də hər zaman obyektiv olmurlar”
Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, beynəlxalq qurumların reaksiyalarını adekvat hesab etmək olmaz: “Məsələ ondadır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlik təxribata əl atdı. Nəticədə 50 nəfər hərbçimiz şəhih oldu. Düzdür, ordumuz düşmənin gərəkən cavabını verdi. Ancaq əfsuslar olsun ki, beynəlxalq qurumlar qətiyyətli mövqe ortaya qoymadılar. Ermənistanın təxribatına yönəlik qınaq xarakterli mövqe ortaya qoyulmadı. Halbuki, Paşinyan hakimiyyəti məqsədyönlü şəkildə üzərinə düşən öhtəlikləri yerinə yetirmir. Sərhədlərin delimitasiyası ilə bağlı prosesi yubadır, sülh sazişinin hazırlanmasını baltalayır. Zəngəzur dəhlizinin açılmasına qarşı mövqe sərgiləyir. Ancaq beynəlxalq təşkilatlar tərəflərə ümumi çağrışlar edirlər. Hər iki tərəfin üzərinə məsuliyyət qoyurlar. Halbuki, hərşey apaçıq ortadadır. Çox təəssüflər olsun ki, müəyyən beynəlxalq təşkilatlar heçdə hər zaman obyektiv olmurlar. Digər tərəfdən, informasiya azlığı da beynəlxalq təşkilatların passivliyində müəyyən rol oynayır”.
Vidadi ORDAHALLI